“Məcburi köçkünlər üçün verilən mənzillərdə yaşamayanların monitorinqi davam etdirilir”. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib ki, 510 məcburi köçkünlə bağlı məhkəməyə müraciət edilib. Komitə sədrinin sözlərinə görə, bəzən elə hallar olur ki, məcburi köçkünlərin mənzilləri öz adlarına olmur, yataqxanada yaşayırlar. Və adətən, köçürülmə zamanı yataqxanalarda yaşayan məcburi köçkünlər nəzərə alınır. "Ancaq biz sonradan görürdük ki, onlar həmin evlərdə yaşamırlar. Məhkəmə qərarı çıxardıqca bizdə siyahısı olan məcburi köçkün, şəhid və qazi ailələri həmin mənzillərə yerləşdirilir. Bu, asan məsələ deyil. Bu hallar Bakıda və rayonlarda olan qəsəbələrimizdə var”, - deyə o vurğulayıb. Rövşən Rzayev onu da əlavə edib ki, məcburi köçkünlərin uçotunun dəqiqləşdirilməsi, vahid elektron məlumat bazasının yaradılması təmin olunub. Repatriasiya prosesinin çevik və şəffaflıqla aparılmasına imkan verən avtomatlaşdırılmış sistem yaradılıb.
- Baxış: 226