Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və Ermənistanın ərazi iddiasından əl çəkməsi, Vətən müharibəsindən sonra Azərbaycana artan maraq,Qarabağ və Şərqi Zəngəzurla bağlı planların icrası, eləcə də ermənilərin qazsız Xankəndi şousu Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirdə diqqət çəkən məqamlar olub. Dövlət başçısı müharibədə bayraktarların tətbiqindən tutmuş artan qiymətlərlə bağlı məsələlərə toxunaraq Azərbaycanın mövqeyini bir daha ortaya qoyub.
Postmünaqişə dövrünün birinci ilinin nəticələri deməyə əsas verir ki, qarşımızda duran bütün vəzifələr icra edilib. İlk növbədə, beynəlxalq təşkilatlarla təmaslar davam etdirilib, dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul edib. Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra indi məsələ Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasıdır və bu sahədə öz töhfəsini verə bilən istənilən beynəlxalq təşkilat qəbulediləndir. Avropa İttifaqı da postmünaqişə indi Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur və son aprel görüşündə bu məsələlər müzakirə edilib.
"Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir"
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Bildiyiniz kimi, Azərbaycan iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklif vermişdir və Ermənistan tərəfi də bu təklifə müsbət yanaşmışdır və Brüssel görüşünə qədər artıq bu açıqlamalar verilmişdir. Brüssel görüşündə isə mən bunu özüm üçün, sadəcə olaraq, daha da yəni, aydınlaşdırmaq istəyirdim və aydınlaşdırdım ki, Ermənistan 5 prinsipi qəbul edir. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir. Yəni, əgər bu 5 prinsipi qəbul edirsə, - bu, aprel görüşündə təsdiqləndi, - bu məsələlər bu 5 prinsipin tərkib hissəsidir. Bu, çox müsbət haldır və hesab edirəm ki, ikitərəfli əlaqələrin normallaşdırılması üçün əsas şərtdir. Razılaşdırıldı ki, həm sərhədlə, həm də sülh müqaviləsinin hazırlanması ilə bağlı işçi qrupları yaradılsın. Bildiyiniz kimi, bu günlərdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında hesab edirəm ki, yaxın tarixdə, bəlkə də son 30 il ərzində birinci dəfə telefon söhbəti də olmuşdur. Biz bunu da müsbət qiymətləndiririk. Çünki iki ölkə arasındakı münasibətləri iki ölkə həll etməlidir. Buna köməklik göstərmək istəyənlər kömək göstərməlidirlər. Mən bunu belə görürəm, bizim mövqeyimiz bundan ibarətdir. Hesab edirəm ki, sərhədin delimitasiyası ilə bağlı aprelin sonuna qədər formalaşdırılacaq işçi qruplar, eyni zamanda, sülh müqaviləsinin hazırlanmasına dair işçi qruplar tezliklə öz işinə başlamalıdır. Bu prosesə biz çox böyük ümidlərlə baxırıq və vaxt itirmək lazım deyil. Hər halda, biz bunun tərəfdarıyıq ki, vaxt itirmədən məsələnin həllinə başlayaq.
"Qələbəmiz nəticəsində Azərbaycana çox böyük maraq var"
Gələcəkdə Azərbaycanın daha da güclənəcəyinə əminliyini ifadə edən Prezident İlham Əliyev vurğulayıb ki, İkinci Qarabağ müharibəsində xüsusi qəhrəmanlıq göstərmiş Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin sayı daha da artırılacaq. Hərbi məsələlərin həlli üçün nə qədər vəsait lazımdırsa, o qədər də ayrılacaq. Azərbaycanda postmünaqişə dövrü ilə bağlı bütün planlar yerinə yetirilir. İkinci Qarabağ müharibəsindəki Qələbəmiz nəticəsində Azərbaycana çox böyük maraq var. İş görmək, biznes əlaqələri qurmaq müraciətləri kifayət qədər çoxdur. Dövlət başçısı əlavə edib ki, azad edilmiş torpaqları yüz faiz öz gücümüzə bərpa edirik. Bu günə qədər heç kimdən bir manat alınmayıb.
Bizdə "ölüm silahı", Ukraynada "mələk"?
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Digər münaqişələrlə bağlı beynəlxalq fondlar maliyyə yardımı göstərirlər. Bizə isə heç kim heç bir yardım göstərmir, nə işğal dövründə, nə də sonra. Hətta ölkələrin əksəriyyəti işğalı işğal kimi adlandırmaq istəmirdilər. Mənim yadımdadır, işğal dövründə beynəlxalq təşkilatlardakı fəaliyyətimiz, eyni zamanda, ikitərəfli formatda apardığımız danışıqlar əsnasında biz güc-bəla ilə, zorla ölkəmizin ərazi bütövlüyü prinsipini o bəyannamələrə saldırırdıq. Bir çoxları imtina edirdi. Halbuki bu, gün kimi aydın idi, kim işğalçıdır, kim işğala məruz qalan ölkədir. İkili standartlar, ədalətsizlik, bax, budur. Biz bunu bu gün də görürük, Rusiya-Ukrayna müharibəsində görürük. Vaxtilə biz torpaqlarımızı işğaldan azad edəndə və məşhur “Bayraktar” dronlardan istifadə edəndə xarici ekspertlər və mətbuat bunu ölüm silahı kimi qələmə verirdi. İndi isə Rusiya-Ukrayna müharibəsində bunu mələk adlandırırlar. Fərq budur, ikili standartlar budur, bizə qarşı ədalətsizlik budur. Bu, reallıqdır. Biz isə öz gücümüzlə yeni reallıq yaratmışıq və yaradırıq.
"Ermənistan görməlidir ki, Azərbaycanın planlarını əngəlləyə bilməz"
İlin sonuna qədər görüləcək işlərdən danışarkən dövlət başçısı tapşırıq verib ki, Şuşa, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Qubadlı şəhərlərinin, Hadrut və Suqovuşan qəsəbələrinin Baş planlarının hazırlanmalı və bu il təsdiq edilməli, Qarabağ və Şərqi Zəngəzura aid investisiya proqramında əlavələr olunmalıdır. Zəngəzur üzərindən həm dəmir yolu, həm avtomobil yolu məsələsi ilə bağlı Brüssel görüşündə geniş fikir mübadiləsi aparıldığını deyən Prezidentin söz vurğulayıb ki, Ermənistan görməlidir ki, Azərbaycanın planlarını əngəlləyə bilməz.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Əgər Zəngəzur üzərindən bizə keçid verməsə, özü itirəcək və birinci növbədə, 10 noyabr Bəyannaməsini pozmuş olacaq. Çünki 10 noyabr Bəyannaməsində açıq-aşkar yazılıb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə olmalıdır və bu, Ermənistanın öhdəliyidir. Əgər o, öz öhdəliyini yerinə yetirmək istəmirsə, onda biz də hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı heç bir məsuliyyət daşımayacağıq. Onlar bunu bilməlidirlər, vaxtı uzatmamalıdırlar. Onsuz da biz istədiyimizə gec-tez nail olacağıq. Daha yaxşı olar ki, onlar özləri də bir az cəld tərpənsinlər. Yoxsa yenə də dalan kimi qalacaqlar.
Azad edilmiş ərazilərdə yol infrastruktur layihələri davam edir, tarixi abidələr bərpa edilir, içməli su mənbələrinin layihələndirilməsi gedir. Şuşanın içməli su layihəsi bu il tam istifadəyə verilməlidir. Kəlbəcərdə, İstisuda yeni müasir hotelin inşası üçün layihə hazırlanır. Digər layihələrə gəldikdə Ağalı kəndinin sakinləri artıq bu il Ağalıda yaşayacaqlar. Füzulinin Dövlətyarlı kəndinin yaradılmasına da bu il başlanacaq. Bir neçə kəndi birləşdirən bu layihə Ağalı kəndindən daha böyük yaşayış yeri olacaq. Azad edilmiş digər rayonlarda kəndlərin yenidən qurulması layihələri hazırlanır və şəhərlərlə paralel olaraq kəndlər də bərpa ediləcək. Bir sözlə, keçmiş məcburi köçkünləri öz yurdlarına qaytarmaq üçün kompleks tədbirlər görülür. Dövlət başçısı Qarabağda qaz təchizatı məsələsinə də diqqət çəkib.
"Bir həftə Xankəndidə qaz olmayanda adam qalmayıb ki, bizə zəng etməsin"
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: İndi Qarabağda ermənilərin yaşadıqları yerdə qaz xətti nasaz vəziyyətə düşmüşdür və bir müddət qaz yox idi. Dünyaya hay-haray qaldırmışdılar ki, Azərbaycan burada humanitar fəlakət törədir. Naxçıvan qazını onlar 15 il kəsib belə vəziyyətdə saxlamışdılar. Naxçıvanda isə qış daha sərtdir. Haradasa şaxta mənfi 30 dərəcəyə çatır. Yaxşı, naxçıvanlılar 1990-cı ildən 2005-ci ilə qədər qazsız yaşamışlar. Kim məhrum etmişdi onları? Ermənilər və Ermənistan rəhbərliyi, Ermənistan dövləti.Bir adam, bir təşkilat, bir ölkə səsini qaldırmışdı? Yox! Biganə idilər. Amma bir həftə Xankəndidə qaz olmayanda adam qalmayıb ki, bizə zəng etməsin - Amerikadan tutmuş Avropaya qədər. Birincisi, Avropanın özündə elə ölkələr var ki, orada qaz yoxdur, ümumiyyətlə yoxdur, qazlaşdırma aparılmayıb. İndi mən ad çəkmək istəmirəm. Elə ölkələr var ki, qazlaşdırmanın səviyyəsi 3-5 faizdir. Orada humanitar fəlakət hökm sürür? Bunlar bir həftə qazsız qalıblar, bu, humanitar fəlakətdir? Bəs, Naxçıvan 15 il qazsız qalanda niyə humanitar fəlakət deyildi. Sualdır bu. Bu suala cavab var? Var! İkili standartlar və ayrı-seçkilik. Biz indi qazı bərpa etmişik və ermənilər bunu qiymətləndirməlidirlər. Biz, sadəcə olaraq, xoş niyyət göstərmişik. İstəməsəydik, bərpa etməzdik. Kim bizə söz deyə bilər? Biz borclu idik onu bərpa etməyə? Yox! Bərpa etdik, ümid edirik, onlar da anlayacaq ki, Azərbaycan vətəndaşlarıdır və onlar Azərbaycan bayrağı altında yaşamalıdırlar və yaşayacaqlar. Bunu nə qədər tez başa düşsələr, onlar üçün o qədər yaxşı olacaq.
Prezident ərzaqlıq buğda ilə təminatın diqqət mərkəzində saxlanılmasını tapşırıb
Prezident İlham Əliyev müşavirədə ölkənin ərzaq ehtiyatı məsələsinə də toxunub. Ərzaqlıq buğda ilə təminatın diqqət mərkəzində saxlanılmasını tapşıran dövlət başçısı həm azad edilmiş torpaqlarda, həm də digər bölgələrdə əkin işlərinin daha da genişmiqyaslı aparılması üçün göstərişlər verildiyini deyib.
- Baxış: 1946