Baş Narkotiklərlə Mübarizə İdarəsi və Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin kultivasiyası, qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı birgə silsilə əməliyyatlar keçirilib. 6 nəfər tutularaq məsuliyyətə cəlb edilib, ümumilikdə 17 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb. Daxil olmuş məlumat əsasında rayonun Bığır kəndində polis əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli bilinən keçmiş məhkum Azad Cəlilov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman həyətyanı sahədəki istixanada pomidor şitillərinin arasında aqrotexniki qulluq göstərməklə yetişdirdiyi 269 ədəd çətənə bitkisi, eləcə də 200 qramdan artıq qurudulmuş marixuana maddi sübut kimi götürülüb. Keçirilən digər əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunmuş Göyçay sakinləri - narkotik vasitələrin qanunsuz dövriyyəsi və xuliqanlıq cinayətlərinə görə, 20 il məhkumluq həyatı yaşayan Polad Qəribov və Nicat Hacıyev saxlanılıblar. Şəxsi axtarış zamanı onların hər ikisində külli miqdarda heroin aşkarlanıb.
Göyçay şəhəri ərazisində keçirilən əməliyyat zamanı isə daha 3 nəfər, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuşlar - Nəriman Rəhimov, Qabil Pirəliyev və Elvin Məmmədov tutulub. Onlardan bükümlərdə heroin və psixotrop maddə olan metamfetamin götürülüb. Rəhimov ifadəsində üzərindən aşkarlanan narkotik vasitəni sosial şəbəkədə tanış olduğu əcnəbi narkotacirdən onlayn yolla 200 manata aldığını bildirib.
Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
- Baxış: 856