Ombudsman Səbinə Əliyeva 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb. Vurğulayıb ki, erməni millətçiləri Azərbaycan xalqına qarşı tarix boyu məqsədyönlü soyqırımı, etnik təmizləmə və deportasiya siyasəti həyata keçirib. Bu siyasətin ən dəhşətli təzahürü isə 1918-ci ilin martından başlayaraq törədilən soyqırımı hadisələridir. Nəticədə Bakıda, Bakı quberniyasına daxil olan şəhər və qəzalarda, həmçinin Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan və digər bölgələrimizdə on minlərlə dinc sakin etnik mənsubiyyətinə görə qətlə yetirilib. Yaşayış məntəqələri, mədəniyyət abidələri, məscidlər və qəbiristanlıqlar dağıdılıb. 1918-ci ilin mart-iyul aylarında erməni silahlı dəstələrinin törətdiyi qanlı cinayətlər nəticəsində qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla, ümumilikdə 50 mindən çox azərbaycanlı qətlə yetirilib. Qədim Azərbaycan torpağı olan İrəvan şəhərində və onun ətrafında isə 199 kənd dağıdılıb, 132 min azərbaycanlı qətlə yetirilib. Ancaq təəssüflər olsun ki, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı aktlarına dair kifayət qədər əsaslı sübut və dəlil olsa da, bu cinayətlərə münasibətdə hələ də adekvat reaksiya verilməyib. "Dünya ictimaiyyətini və beynəlxalq təşkilatları bu soyqırımı aktına lazımi siyasi-hüquqi qiymət verməyə çağırıram" deyə bəyanatda vurğulanıb.
- Baxış: 985