• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1576
— 28.03.2022 20:23

Azərbaycanın Fərruxa atdığı addımları və gələcək hədəflər

Azərbaycan Vətən müharibəsindən sonra yaranan yeni reallıqların sülh və təhlükəsizlik üzərində boy ataraq əzəmətli görünüş almasını prioritet istiqamət olaraq strateji xəttinə gətirib. Təhlükəsizliyin formullarından biri də budur: qanunsuz erməni silahlı dəstələri Azərbaycan ərazilərindən çıxıb getməlidir. Fərrux gedişi də onlara çox böyük işarədir.

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qalan ermənilərin qanunsuz silahlı birləşmələrinin ərazidən çıxarılması ölkəmizin hərbi-siyasi gündəmində ağırlıq təşkil edən məsələlərdən biridir. Ancaq Azərbaycan tərəfi 2021-ci ilin 10 noyabrında qəbul olunan bəyanatın dərhal praktik həyata keçirmək siyasətini qarşı tərəfdən görmədi. Ələxsus da bəyanatın 4-cü maddəsi icrasını açıq şəkildə reallaşmadı.

Azad Bayramov - siyasi şərhçi: Bu gün ölkə prezidentinin 44 günlük müharibənin əvvəlində dediyi mən nəyi nə zaman olacağını mən bilirəm. Onun o qətiyyəti, cəsarəti, siyasəti eyni zamanda sivil müharibə, sivil yolnan işğalçıların qovulması, ermənilərin, Ermənistan ordusunun tör-töküntülərinin bu ərazilərdən çıxarılması və oraların dinc inkişafı üçün imkan yaradacaq.

Proses tədrici olsa da, həmin intervaldakı intensivlik güclü idi, Azərbaycan ustalıqla hazırlanan taktika ilə erməni separatçılarını zərərsizləşdirən addımlara getdi, ancaq digər bir təhlükəni də dəf etmək lazım idi ki, alınacaq nəticələrdə ermənilərin təxribatı üçün yer qalmasın.

Azad Bayramov - siyasi şərhçi: Mən bir Qarabağlı kimi onu deyə bilərəm ki, bu sadəcə bir kəndin alınması demək deyil. Bu həm də coğrafi-strateji mövqeyi olan bir yüksəkliyin ələ keçirilməsidir. Həmin Fərrux kəndindən Ağdam rayonun bir çox kəndləri, mən deyərdim Ağdam rayonunun özü də həmişə ermənilər tərəfindən nəzarətdə saxlanılıb. Bu gün, bu kəndin bu cür azad olunması işğalçılar tərəfindən bizim hərbi, həm də eyni zamanda siyasi qələbəmizdir.

2022-ci ilin fevralından başlayaraq, Azərbaycan Rusiya sülhməramlılarının müvəqqəti dislokasiya edildiyi ərazilərdəki addımlarını sürətləndirdi və hibrid müharibə elementləri ilə erməni silahlılarındakı xofu dərinləşdirdi.

Bəxtiyar Məhərrəmov - tarixçi: 1-ci Qarabağ müharibəsində də Fərrux kəndində erməni silahlı birləşmələri formalaşdırılmışdı. Əksəriyyəti ASALA terrorçuları idi, Livandan gələn guya könüllülər idi, muzdlular idi. Orada 2 kəndə, Meşəli və Cinli kəndlərinə göz verib işıq vermirdilər.1992-ci ildə Azərbaycan Ordusunun bölmələri Şirin Mirzəyevin rəhbərliyi altında hərbi əməliyyat apardılar. Maraqlısı budurki, o kənd böyük bir yüksəkliyin dibində yerləşir. Əhalisi azdır amma strateji əhəmiyyəti çox böyükdür.

Bu hibrid müharibə anti-terror əməliyyatı üçün sonuncu xəbərdarlıq idi, amma Azərbaycan yenə də itki vermədən nəticəyə nail olmağı hədəflədi. Azərbaycan Xocalının Fərrux kəndində suveren hüquqlarını möhkəmləndirdi, artıq Fərrux və onun ətrafındakı yüksəkliklər Azərbaycan ordusunun nəzarətindədir.

Bəxtiyar Məhərrəmov - tarixçi: Kənd iki istiqamətdə çox böyük əhəmiyyətə malikdir. Yüksəkliyin nəzarətdə olması həm Ağdam-Xankəndi yolunu nəzarətdə saxlayır, həm də Xocalı-Ağdam və ətraf rayonların çox geniş bir bölgəyə operativ nəzarəti həyata keçirməyə imkan verir. Həm taktiki, həm strateji baxımdan, bu ordumuzun böyük uğurudur. Kəndin alınması həm də Xocalı-Əsgəran, indiki Xankəndi və Xocavənd istiqamətində olan bütün strateji əraziləri nəzarətdə saxlamağa kömək edən bir məsələdir.

Sözügedən ərazidə Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması faktı da Fərrux yüksəkliyinin önəmini birə-beş artırır. Yəni bu ərazi Qarabağda təhlükəsizliyin təminatında da töhfə verəcək.

Şair Ramaldanov - hərbi ekspert: Fərrux dağı ətrafında Azərbaycan ordusunun olan mövqeləri ara-sıra düşmən tərəfindən atəşə tutulurdu. Düşmən təxribat törədirdi. Yaranmış şəraitlə bağlı olaraq Azərbaycan Ordusunun bölmələrinin əməliyyat şəraitinə nəzarəti nəticəsində biz düşməni susdurmağa nail oluruq.

Səbrlə, təmkinlə həll variantı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin strateji zəkasına xas formuldur. Bundan sonra baş verə biləcək hadisələrə gəlincə, deyə bilərik ki, Azərbaycan mütləq hədəflərinə çatana qədər prosesi davam etdirəcək. Prosesin inkişaf forması isə Ermənistandan asılıdır.

Valeh Anaroğlu