• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1902
— 25.03.2022 20:19

20 yaşında şəhidlik zirvəsinə ucalan Əli İsmayılov

KepezTV Player

Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan xalqı heç zaman torpaqlarının düşmən tapdağı altında qalması ilə barışmayacaq. Müharibədə əldə olunan qələbə isə neçə-neçə igidimizin qanı bahasına başa gəldi. Ailələrini, övladlarını, işlərini, təhsillərini, arzularını yarımçıq qoyaraq müharibəyə yollandılar. Bu gün belə qəhrəmanlardan biri - Əli İsmayılov haqqında danışacağıq.

Əli Vaqif oğlu İsmayılov 21 mart 2001-ci ildə Goranboy rayonunun Qaradağlı kəndində dünyaya gəlib. 2018-ci ildə orta təhsilini başa vurduqdan sonra Bakı Biznes və Kooperasiya Kollecinin Gömrük işi ixtisasına qəbul olur. Lakin 2019-cu ildə təhsilini yarımçıq qoyaraq hərbi xidmətə  yollanır. Çünki Əli üçün Vətən sevgisi bütün dəyərlərdən üstün idi.

Deyirlər oğullar atalarından örnək götürürlər. Elə Əli İsmayılov da şücaətdə öz valideynindən nümunə götürüb. Atası Vaqif İsmayılov 1 Qarabağ müharibəsində döyüşlərdə iştirak edib, Vətən yolunda sağlamlığını itirib.\

Əli İsmayılov Vətən müharibəsində topçu və baş tuşlayıcı kimi düşmənə aman verməyib. Xocavəndin və Ağdamın azadlığı uğrunda igidliklə mübarizə aparıb.

Ağır yaralanaraq uzun müddət komada olan Əli İsmayılov 25 mart 2021-ci ildə şəhadətə ucalır. Doğulduğu Goranboy rayonunun Qaradağlı kənd qəbiristanlığında torpağa tapşırılıb.

20 yaşında ən uca zirvəyə yüksələn Əli İsmayılov ölümündən sonra Xocavəndin, Ağdamın azad olunmasına görə və Şücaətə görə medalları ilə təltif edilib. Şəhidin anım günündə doğulduğu Qaradağlı kəndində abidə kompleksinin açılış mərasimi də keçirilib. Kompleks Qaradağlı kəndinin həm Birinci Qarabağ, həm də Vətən müharibəsində canından keçən qəhrəman oğullarının xatirəsinə ucaldılıb.