• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1343
— 18.03.2022 20:13

Zəfər ətirli, Bahar nəfəsli Novruz

KepezTV Player

Əsrlərin sinağından çıxaraq, bu günümüzədək gəlib çatan Novruz, xalqımızın ən əziz bayramlarından birincisidir. Novruz Azərbaycanda bütün bayramlardan fərqli və təntənəli keçirilir. Bəs Gəncə şəhərinin sakinlər bu bayramı necə qarşılayır? Zəfər ətirli Novruz görüntüləri şəhər tədbirində lentə alınıb, qarşıdaki videomaterialda.

Novruzda xalqımızın adət-ənənəsi, əxlaqi-etik dəyərləri, dini inancları, əmək sevərliyi, torpağa bağlılığı bir sözlə xalqımıza xas olan bütün əxlaqi keyfiyyətlər cəmləşib. Novruz bayramı münasibəti ilə, Gəncənin Heydər Əliyev adına meydanında el şənliyi keçirilib. Şənlikdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhər sakinləri iştirak ediblər. Qonaqları elimizin qədim adəti ilə əllərində şərbət olan milli geyimli qızlar qarşılayıblar. Gəncənin tarixi şəxsiyyətləri - Məhsəti Gəncəvi, Nizami Gəncəvi, Cavad xanın obrazları da bayram tədbirində qonaqların sırasında yer alıb. Onlar insanları humanizmə, doğruluğa, düzgünlüyə və ədalətə səsləyiblər. Cavad xan el igidlərinə şanlı keçmişimizi xatırladıb. Hər kəsi Azərbaycanın inkişafı uğrunda həmrəy olmağa çağırıb.

Gəncə Regional Mədəniyyət İdarəsinin, şəhər Təhsil İdarəsinin, Gənclər və İdman baş İdarəsinin təşkilatçılığı ilə istedadlı şəxslər tərəfindən hazırlanan təsviri incəsənət əsərlərindən və milli geyimlərdən ibarət sərgiyə, müxtəlif idman oyunlarına baxış keçirilib. Gəncə Dövlət Dram Teatrının Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasının motivləri əsasında hazırladığı “Bazar meydanı” tamaşası hər kəsə xoş ovqat bəxş edib. Yazın müjdəçisi - Bahar qız yurdumuza Novruzun gəldiyini xəbər verib, cəngavərlər möhtəşəm Novruz tonqalını alovlandırıblar. Tonqalın ətrafında Keçəl və Kosanın maraqlı çıxışları izlənilib, “Cəngi” musiqisi ifa edilib. Daha sonra Novruz bayramına həsr olunan musiqili proqram başlayıb. Konsert proqramı “Azərbaycan” mahnısı ilə yekunlaşıb.

Bu il də Novruzu belə qarşılayırıq. Canınız sağ, üzünüz təbbəssümlü, gözləriniz sevincli, süfrələrinizin bol, ruzi bərəkətli olması diləyi ilə...

Nərgiz Əhmədqızı

Valeh Anaroğlu