• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1622
— 18.03.2022 20:10

Kütləviliyin təmin edilməsinə xidmət edəcək layihələr

KepezTV Player

Prezident İlham Əliyev Bolqarıstanda keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatında uğur qazanan idmançıları qəbul edərkən bir sıra vacib məqamlara diqqət çəkib. Milli Olimpiya Komitəsinin Prezidenti xüsusən də bölgələrdə fəaliyyət göstərən idman komplekslərindən və qurğulardan danışaraq həmin məkanlarda işlərin düzgün qurulmasını və regionlarda olan istedadlı gənc idmançıların üzə çıxarılmasına önəm verilməsini deyib. Dövlət başçısının toxunduğu məsələlər Gəncə idmanının ən çox əziyyət çəkdiyi problemlərdəndir. Çünki ölkənin ikinci böyük şəhərində bir neçə ildir şəraitsizlik səbəbindən həm idmançıların məşq edəcəyi baza, həm də yarışların keçiriləcəyi məkanlar ürəkaçan durumda deyil. Bununla belə hazırda Nizami yurdunda bu çətinliyin aradan qaldırılması yönündə köklü işlər gedir. Gəncədə beynəlxalq standartlara cavab verən 3 idman qurğusu inşa olunur.

Maddi-texniki bazanın zəifliyi son illər Gəncə idmanını axsadan səbəblərdən olub. Buna görə hətta müxtəlif növlər üzrə respublika əhəmiyyətli yarışlar qonşu Göygöl Olimpiya İdman Kompleksində keçirilib. Ancaq indi həyata keçirilən insfrastruktur layihələrin fonunda Gəncə idmanı üçün ideal şərait yaradılır. Şübhəsiz ki, ilk növbədə İdman Sarayının tikintisi gələcəkdə bütün bu çatızmazlıqların böyük ölçüdə aradan qalxmasına imkan verəcək.

Qərb bölgəsində idmançılar üçün ən böyük bazası rolunu oynayan keçmiş adı Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialı, hazırda isə 1 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbi adını daşıyan idman ocağı da tam müasir formada yenidən qurulur. Böyük tarxi olan bu idman müəssisəsi də şəhərdə idman sahəsində fəallığın artmasına təkan olacaq.

Uzun illərdir Gəncədə futbol azarkeşlərinin həsrətlə gözlədiyi və nəhayət ötən ildən inşasına başlanılan Futbol Akademiyasını da ölkə idmanına böyük töhvə saymaq olar. Gələcəkdə bu akademiyada yetişəcək futbolçular ölkənin ən köklü iki klubundan biri olan “Kəpəz”in əvvəlki əzəmətinə qovuşmasında mühüm rol oynayacaq.

Gəncədə inşası davam edən bazalar Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrdən birinin - idmanın kütləviliyinə nail olmaq və bölgələrdə mövcud infrastrukturdan istifadə etmək məsələsini reallığa çevirəcək. Dövlət başçısının da qeyd etdiyi kimi idman qurğularından səmərəli şəkildə istifadə etməli, seleksiya işi çox düzgün aparılmalı, istedadlı uşaqları seçmək və idmana cəlb etmək lazımdır.