• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 842
— 08.03.2022 20:35

Özəl və gözəl gün - 8 Mart

KepezTV Player

Bu gün - qadın və gözəllik bayramı kimi qeyd olunur. Beynəlxalq Qadınlar Günü eyni zamanda qadın hüquqlarının genişləndirilməsinin və bugünkü qadının daha azad olmasının tarixi səbəblərinin xatırlanması üçün xüsusi gündür. Gəncənin kişi və qadın sakinlərinin bugünki xüsusi günlə bağlı fikirlərini öyrəndik.

Təbiətcə qadın ana, həyat yoldaşı, bacı, övlad kimi nəcib xüsusiyyətlərə sahib olan zərif məxluqdur. Bu siyahını genişləndirmək də olar. O, eyni zamanda müasir dövrümüzdə cəmiyyətin  ən fədakar, çalışqan və işgüzar üzvüdür.  Sadalanan bu xüsusiyyətlər qadına qarşı xüsusi münasibət, diqqət və qayğı tələb edir. Özüdə əks cinsin nümayəndələrindən. Bəs onlar kişilərin göstərdiyi diqqət və qayğıdan razıdırmı?

Sevil Məmmədova sakin: Xoş münasibət hər şeyə bəsdir.

İlhamə Cəfərova sakin: Gül, ən çox gül xoşlayıram. Gül də almışam. Zövqlər müxtəlifdir. Hərənin öz zövqü var.

Hicran Həsənova sakin: Bütün qadınlarımızı təbrik edirəm. Çərşənbənizi təbrik edirəm. Qəşəng ətirlər, gülləri sevirəm.

Nataşa Hilatova sakin: Ən yaxşısı elə güldür. Bəlkə kiminsə imkanı yoxdur. Gül kifayətdir. Ən yaxşısı mehribançılıq olmağıdır.

Azərbaycan qadınının keçmiş olduğu yol çox böyük və qürurvericidir.  Vətən və namus uğrunda fədakarlıq göstərmiş mərd Azərbaycan qadınlarının qəhrəmanlıq xatirələri, eləcə də onların böyütdüyü qəhrəmanlar tarixdə şərəfli səhifələr açmış, böyük ədiblərin qələmində səslənmiş, dillərdə dastan olmuşdur. Şəhərdə apardığımız çəkiliş zamanı da qadınlara olan diqqəti gördük.

İlqar İbrahimov sakin: Gül ən vacibdir. Sonra da başqa hədiyyə düşünürəm. Şəhərdə axtarıram elə. İldə bir dəfə olur da bu bayram. Qadınların ürəyincə olan hədiyyə axtarıram.

Zaur Ələkbərov sakin: Mən həyat yoldaşıma, anama və qız övladıma böyük tort almışam. Gülləri də dünən alıb vermişəm. Bütün anaları, bacıları bayram münasibətilə təbrik edirəm. Uzun ömür can sağlığı arzu edirəm.

Kənan Cəfərli sakin: 8 Mart qadınların özəl günüdür. Onların xoşuna gələn bir gündür. Gül və tort xanımların xoşladığı şeydir məncə. Gedirəm elə gül və tort alam.

Daha müasir və sağlam cəmiyyətin formalaşması üçün qadınlara hər zaman ehtiyac var. Qadınlara verilmiş bu gözəl günə hörmət duyulmalı və onlar sadəcə bir gün deyil, ilin hər günü xatırlanmalıdır. Böyük dramaturqumuz Hüseyn Cavidin misralarında deyildiyi kimi: Qadın gülərsə bu issız mühitimiz güləcək, Sürüklənən bəşəriyyət qadınla yüksələcək! Bayramımız mübarək, əziz qadınlar!

Valeh Anaroğlu