• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1403
— 03.03.2022 20:36

Qazsız qalan "Azərbaycan"

KepezTV Player

Gəncənin Azərbaycan küçəsində yaşayan sakinlər qaz həsrətindədirlər. Mavi yanacağın olacağı günün həsrəti ilə yaşayırlar. Sakinlər şikayətləri müxtəlif qurumlara, özü də dəfələrlə etsələr də məsələ həllini tapmır ki, tapmır. Görəsən niyə görə sözügedən ərazi qazlaşmadan kənarda qalıb?

Müxtəlif üsullardan istifadə etməklə istiliyi təmin etməyə çalışan sakinlər. Çəkiliş apardığımız ərazi ölkənin ikinci ən böyük şəhəri olan Gəncənin Azərbaycan küçəsi 97 A ünvanıdır. 50-ə yaxın ailənin yaşadığı ərazidə illər əvvəl torpaq sahəsi alıb, ev tikdirənlər hələdə qaz həsrəti çəkirlər. Sakinlər aidiyyatı qurumların onların müraciətlərinə biganə yanaşmasından narazıdır.

Kamil Qasımov sakin: 2 ildi torpaq almışam, evimi tikmişəm, yaşayırıq. İşıqla evi isidirik. O da sərf etmir. Müraciət etmişik ki, biz də vətəndaşıq qazımızı çəkin biz də dövlətə xeyir verək. Xeyli adam yaşayır burada. Qazi, şəhid ailəsi, veteran da var. Ona da məhəl qoymurlar. Xətt ola-la yalandan deyirlər ki, 500 metrdən götürülməlidir. Amma yaxın 100 metrdən çəkmək olar.

Marat Ələsgərov sakin: Bizim problemimiz qaz problemidir. 2 ilə yaxındır ki, müraciət edirik. Səbəbsiz bəhanələr gətirirlər. Ay xətt uzaqdır, büdcədə pul yoxdur, vəsait ayrılmır qaz xətti çəkilişi ilə bağlı. Hamımızın oğul övladı var. Gələcəyin əsgərini biz soyuqda böyüdürük. Soyuqda böyüyən uşaq necə olmalıdır, xəstə olmalıdır da. Birdə Sizin televiziya vasitəsilə müraciət edirik ki, gəlib qazımızı çəksinlər. Biz də normal şəraitdə yaşayaq.

Sahil Hüseynov sakin: 21-ci əsrdə yaşamağımıza baxmayaraq qazımız yoxdur. İşıqla evi qızdırırıq. İki ildir ki, burada yaşayırıq. Hər yerə müraciət etmişik. Şikayətə baxılmır. Səbəb də onu deyirlər ki, məsafə uzaqlığı. Ruslan Əliyev şəxsən özü söz versədə, hələki yerinə yetirilməyib. Qış çıxır ancaq bizim hələdə qazımız yoxdur.

Layihələndirmə işləri ilə bağlı müvafiq addımların atılmadığını deyən sakinlər, əraziyə yaxın olan qaz xətlərinin qoşulma üçün əsas olduğunu iddia edirlər.

Lətif Məmmədov qazi: Hal-hazırda bu evdə qalıram. Veteranam. Ancaq qazımız yoxdur. İynə dərmanımı çatdıra bilmirəm. Şuşa döyüşlərinin iştirakçısı olmuşam. Müraciət edirik, gəlib çəkmirlər. Halbuki burada qaz xətti var. Gündə 6-7 manat işığa pul yükləyirik ki, evi isidək. Oda sərf etmir axı. Mən iynə dərman alım, yoxsa aldığım pulu işıq yükləyim.

Məhərrəm Cəfərov sakin: Ev tikdirmişik. Sadəcə bura köçə bilmirik. Səbəbi də budur ki, qaz yoxdur. İşıq, su var ancaq qaz xətti çəkilməyib. Soyuq aylardı. Biz iki qardaşıq, bir evdə qalırıq. İsitmək olmur. Uşaqda balacadır. Ona görə bura gələ bilmirik. Sizin vasitənizlə bir də müraciət edirik ki, aidiyyatı qurumlar buna baxsın.. Rəsmi qurumlara da dəfələrlə müraciət etmişik.

Qeyd olunan müraciətlərə aydınlıq gətirilməsi üçün Gəncə Regional Qaz İstismar İdarəsinə yollandıq. İdarənin rəisi Azay Muxtarov sakinləri qısa zamanda sevindirəcəklərini, sözügedən ərazidə bu istiqamətdə işlərin aparıldığını bildirdi.

Azay Muxtarov Gəncə RQİİ-nin rəisi: Regionların qazlaşdırılması işləri gündəmdədir. Davamlı şəkildə mərhələli olaraq qazlaşdırılma işləri davam edir. Azərbaycan küçəsi 97 A-nın qazlaşması da tərəfimizdən mərhələli olaraq daşıyıcı və paylayıcı qaz xətlərinin həyata keçirilməsi təmin ediləcəkdir. Mövcud maliyyə resursları, imkanları daxilində olaraq həmin ərazi qazlaşdırılacaqdır. Sakinlər əmin olsunlar ki, həmin ərazi Azəriqaz İB tərəfindən mərhələli şəkildə qazlaşdırılacaqdır.

İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, qaz kəmərlərinin və avadanlıqların yenidənqurulması dövlətin prioritetlərindəndir. Layihələndirmə işləri aparıldıqdan və mənbə məsələləri həllini taparsa şikayətçilərin probleminin həlli mümkün ola bilər. Əməli addımların atılacağı isə sadəcə zaman məsələsidir.

Valeh Anaroğlu