• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2245
— 02.03.2022 20:08

Ömrünün 21-ci baharı məzarı başında qeyd olunub

KepezTV Player

Yaşasaydı ömrünün 21-ci baharını qeyd edəcəkdi. Bəli baharını deyirik. Çünki onlar ən gözəl yaşlarını, gəncliklərini bizə görə, biz rahat yaşayaq deyə, Qarabağ torpağı azad olsun deyə qurban verdilər. Bizim də borcumuz bu qəhrəmanları sizə daha yaxından tanıtdırmaqdır. Bu gün Şəhriyar Elman oğlu Həmzəyevin qısa ama şərəfli ömür yoluna birlikdə nəzər salacağıq.

Həmzəyev Şəhriyar Elman oğlu 2001-ci ilin mart ayında Yevlax rayonunda anadan olub. 2018-ci ildə orta məktəb bitirdikdən sonra həqiqi hərbi xidmətə yolllanır. Müharibə başlayanda müddətli həqiqi hərbi xidmətini davam etdirən Şəhriyar Həmzəyev işğal altında olan torpaqlarımızın azadlığı uğrunda, xüsusən də Xocavənd istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib.

Əslən Kəlbəcərdən olan19 yaşlı qəhrəman doğma Qarabağın düşməndən alınması üçün son nəfəsinə kimi mübarizəsini davam etdirib və qəhrəmancasına şəhid olub. 30 oktyabr 2020-ci ildə Göygöl rayonunun Murovdağ qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn edilib.

Şəhidin ruhuna ehtiram, xatirəsinə hörmət əlaməti olaraq Kəlbəcər rayon İcra Hakimiyyəti, YAP Kəlbəcər Rayon Təşkilatı da şəhidimizi onun ailəsi ilə birgə yad ediblər. Yaşasaydı ailəsi, sevdikləri, doğmaları ilə birgə qeyd edəcəyi ömrünün 21-ci baharını da, amma məzarı başında anılır. Şəhidlik zirvəsinə ucalan qəhrəmanların keçdikləri şərəfli ömür yolu gələcək nəsillər üçün örnək olacaq.

Həmzəyev Şəhriyar döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra “Xocavəndin azad olunmasına görə” və "Vətən uğrunda" medalları ilə təltif olunub.

Aişə Rzayeva