• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1717
— 23.02.2022 12:56

5 saatdan çox davam edən görüşdə müzakirə olunan məsələlər

KepezTV Player

Azərbaycanla Rusiya arasında 245 sənədi əhatə edən çox geniş müqavilə-hüquq bazası var. Onların arasında müttəfiqlik bəyannaməsi xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev Moskvada həmkarı Vladimir Putinlə birgə mətbuat konfransında deyib ki, Bəyannamə münasibətləri müttəfiqlik səviyyəsinə çıxarır ki, bu da həm böyük imtiyaz, həm də böyük məsuliyyətdir. Dövlət başçısı ticari-iqtisadi sahədə yeni imkanlar açıldığını, qarşılıqlı investisiyaların artırılması işində çox ümidverici imkanlar olduğunu diqqətə çatdırıb.

5 saatdan çox davam edən müzakirələr zamanı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan işlərdə Rusiya şirkətlərinin iştirakı məsələsi də müzakirə olunub. Bu günə qədər artıq Rusiya şirkətlərindən 14 sifariş alınıb və həmin sifarişlər diqqətlə nəzərdən keçirilir. Dövlət başçılarının görüşündə regionda münaqişədən sonrakı vəziyyət də ətraflı müzakirə edilib.

Regionda yeni reallıqların yeni imkanlar yaradacağına əminliyini ifadə edən Prezident İlham Əliyev Azərbaycanın dinc gələcək əzmində olduğunu vurğulayıb. “Bizə müharibə lazım deyil. O, bizə heç vaxt lazım olmayıb” deyən dövlət başçısı Azərbaycanın ərazi bütövlüyünün hərbi yolla bərpasının məcburi tədbir olduğunu vurğulayıb.

Rusiya Prezidenti Vladimir Putin deyib ki, regionda bütün iqtisadi, nəqliyyat əlaqələrinin tezliklə açılmasına bundan sonra da kömək göstərmək barədə razılığa gəlinib. Söhbət Azərbaycan və Ermənistan arasında və regionun digər ölkələri ilə sərnişin və yük daşımalarının tam həcmdə bərpasından, ticarət, sənaye, kənd təsərrüfatı, infrastruktur kimi sahələrdə konkret birgə layihələrin icraya hazırlanmasından gedir.

Vladimir Putin qeyd edib ki, danışıqlar Qafqaz və Xəzər regionlarında sabitlik və təhlükəsizliyin təminatında, bütün Avrasiya məkanında inteqrasiya proseslərinin inkişafında Rusiya və Azərbaycanın ümumi maraqlarının olduğunu göstərib.