• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1950
— 22.02.2022 20:19

Prezident İlham Əliyevin Vladimir Putin ilə təkbətək görüşü olub

KepezTV Player

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya dövlətinin başçısı ilə təkbətək görüşü olub.

Vladimir Putin - Rusiya Federasiyasının Prezidenti: Sizin səfəriniz ikitərəfli münasibətlərimizdə əlamətdar hadisə - diplomatik münasibətlərimizin yaradılmasının 30 illiyi ərəfəsində keçir. Bu gün biz Qarşılıqlı müttəfiqlik əlaqələri haqqında Bəyannamə imzalayacağıq. Tamamilə aşkardır ki, bu, bizim münasibətlərimizin inkişafında yeni mərhələdir və şübhəsiz, bu, o cümlədən bütövlükdə hələ sona qədər nizamlanmamış, lakin həllində irəliləyiş əldə edilmiş Qarabağ münaqişəsinin tənzimlənməsinə nail olduqdan sonra mümkün olub.<br>Fikrimcə biz indiki həyatda hələ qarşıya çıxan problemlərə baxmayaraq, hər halda məmnun ola bilərik ki, hazırda olduğumuz səviyyəyə çatmışıq. Əlbəttə, bu barədə biz bu gün ətraflı danışacağıq. Lakin istənilən halda həm orada yaşayan bütün insanların təhlükəsizliyinin təmin edilməsi baxımından, həm də ticari-iqtisadi əlaqələrin inkişafı, nəqliyyat kommunikasiyalarının açılması baxımından artıq müəyyən razılaşmalar var.<br>Bilirəm ki, hələ mübahisələr var, üzərində işləniləsi məsələlər var. Lakin biz öz tərəfimizdən bu prosesin dinc vasitələrlə getməsi, sülh yolu ilə inkişaf etməsi və əlbəttə, bu prosesə cəlb edilmiş bütün tərəflərin razı qalmasına nail olmaq üçün əlimizdən gələni edəcəyik.<br>Yeri gəlmişkən, həm Rusiya Federasiyası, həm də bilirəm, Sizin digər qonşularınız bu məsələlərin, o cümlədən nəqliyyat kommunikasiyaları məsələlərinin həll edilməsində maraqlıdırlar, ona görə ki, bunda təkcə Azərbaycan və Ermənistan maraqlı deyil, - Rusiya da, təkrar edirəm, Sizin bütün başqa qonşular da maraqlıdırlar.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Bu gün bizim regionda vəziyyət, münaqişədən sonrakı vəziyyət barədə danışacağıq. Rusiya Federasiyası Azərbaycan ilə Ermənistan arasında müharibənin dayandırılmasında və münaqişənin nizamlanmasının qaynar mərhələdən siyasi diplomatik sahəyə keçirilməsində çox mühüm rol oynayıb. 2020-ci ilin noyabrında Sizin fəal iştirakınızla imzalanmış üçtərəfli Bəyanat bu çoxillik münaqişəni nizamlamağımıza imkan verdi. Bu gün yeni vəziyyət yaranıb, regionda bugünkü geosiyasi reallıqlar dünya birliyi tərəfindən qəbul edilib. Rusiya Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması, nəqliyyat kommunikasiyalarının açılması, normal qonşuluq münasibətlərinin qurulması üçün imkanlar yaradılması işində çox mühüm, mən deyərdim əsas rol oynayır. Biz bu rolu çox yüksək qiymətləndiririk. Ümidvarıq ki, erməni tərəfi də bizim kimi, öz tərəfindən 2020-ci ilin noyabrında imzalanmış Bəyanatın bütün bəndlərini yerinə yetirəcək.