• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1845
— 20.01.2022 20:30

20 Yanvar - qan yaddaşımız, qürur günümüz

KepezTV Player

Xalqımızın azadlıq hərəkatının ilk qığılcımları, qan yaddaşımız sayılan 20 yanvar. Bəli bu gün Azərbaycanda 20 yanvar faciəsinin 32-ci il dönümü anılır. O cümlədən Gəncədə. Hər kəs şəhidlər xiyabanını ziyarət edib, qəhrəmanlarımızın məzarları üstünə tər qərənfillər düzməyi özlərinə borc biliblər.

Xalqımız əsrlər boyu azadlıq, müstəqilik, suverenlik arzusu ilə yaşayıb. Tarix boyu, ayrı-ayrı dövrlərdə öz azadlığına qovuşsa da, bu müstəqilliyin ömrü çox qısa olub. Ötən əsrdə, daha dəqiq 80-ci illərin sonunda xalqımızın azadlıq eşqi yenidən alovlandı. Bu alovu söndürmək üçün, 190-cı ilin yanvarın 19-dan 20-ə küçən gecə Sovet imperiyası Azərbaycana, böyük bir hissəsi ermənilərdən ibarət olan qoşun yeritdi. Bu işğalçı ordu, xalqımızın halal haqqı olan azadlıq arzusunu boğmaq üçün əli yalın və silahsız olan Bakı sakinlərini, xəbərdarlıq belə etmədən atəşə tutdu, güllələdi, avtomobillər sərnişinlərlə birlikdə tankların altında qaldı. Nəticədə Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edildi. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və polis əməkdaşları da var idi. Bu faciəyə, xalqımıza qarşı törədilən qətliyama ilk etiraz səsini ucaldan ulu öndər Heydər Əliyev oldu. O zaman Moskvada yaşayan ümummilli lider cəsarətli addımı ilə qanlı faciəni törədənləri lənətlədi. Bu əsl qəhrəmanlıq, həm də Azərbaycana, xalqa sonsuz sevgisinin və sədaqətinin təcəssümü idi. Bu gün o gündən 32 il ötür. Yenə də hər il olduğu kimi, bütün Azərbaycan xalqı şəhidlərini anır. Elə ikinci böyük şəhər Gəncədə də böyük izdiham yaşandı. Əvvəlcə Şəhidlər Xiyabanının girişində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə itkin düşmüş şəxslərin xatirəsinə inşa edilən və üzərində 100-ə yaxın şəxsin adı qeyd edilən lövhənin önünə güllər düzülüb. Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyə və Gürcüstanın Gəncədəki baş konsulları, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və sakinlər tərəfindən “Əbədi məşəl” abidəsi ziyarət edilib, önünə əklil və gül dəstələri qoyulub, şəhidlərin ruhuna hörmət və ehtiram ifadə edilib. Saat 12-də ölkə ərazisində olduğu kimi avtomobillərdən səs siqnalları verilib və şəhidlərimizin xatirəsi yad olunub.

Niyazi Bayramov şəhid ailələri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb. Səsləndirilən müraciətlərin bir çox yerindəcə öz həllini tapıb.

20 yanvar hüzn günü ilə yanaşı həm də, qəhrəman xalqımızın şərəfli tarixinin ən şanlı səhifələridir. Bu tarix bir daha sübut etdi ki, azadlıq eşqi ilə alışıb yanan xalq gec tez öz müstəqilliyini qazanır. Xalqımızın canı-qanı ilə əldə olunan müstəqillimiz daimi, əbədi və dönməzdir. 2020-ci ildə qanları ilə tarix yazan şəhidlərimiz isə 32 il ərzində qurban verdiyimiz bütün canların qisasını aldı. Azərbaycan var olduqca, şəhidlərimiz hər zaman qəlbimizdə əbədi yaşayacaq.

Nərgiz Əhmədqızı