• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2320
— 13.01.2022 20:18

Erməni terroru nəticəsində dağılan tikililər yenidən qurulur

KepezTV Player

Vətən müharibəsində ermənilərin Gəncəyə atdığı raketlər nəticəsində ümumilikdə 3 minə yaxın yaşayış evi, mülki obyektlərə ciddi ziyan dəyib. Zərər görən yaşayış evlərinin, ictimai əhəmiyyətli binaların, eləcə də digər infrastrukturun tikinti, bərpası işləri davam etdirilir. Sürətlə aparılan işlərin tez bir zamanda başa çatdırılması və binaların istifadəyə verilməsi nəzərdə tutulur.

Bura Vətən müharibəsi zamanı ermənilərin Gəncəni raket atəşinə tutması nəticəsində ən çox dağılan ərazidir. 2020-ci il oktyabrın 17-də ermənilərin törətdiyi terror nəticəsində Aida İmanquliyeva - keçmiş Muxtar Hacıyev küçəsində 12 yaşayış evi tamamilə dağılıb, 300-ə yaxın tikiliyə isə ciddi ziyan dəyib. Ölkə başçısının tapşırığına uyğun olaraq bu ərazidə tikinti, təmir bərpa işlər aparılır. Əraziyə çoxlu tinkiti materialları gətirilib, xeyli sayda canlı qüvvə, eləcə də texnika cəlb edilib.

Şəhərin Samir Xasıyev küçəsində də erməni terroru nəticəsində zərər çəkən tikililərin təmir-bərpası işləri aparılır. Dağılan evlərdə söküntü işləri başa çatıb, tikintisi sürətlə icra olunur. Evlərin yarıdan çoxunda hörgü və dam örtüyünün qurulması yekunlaşıb. Hazırda suvaq və rəngsazlıq işləri görülür. Bundan başqa, yaşayış evlərinin həyətlərində abadlıq işləri aparılır. Burada yaşayan sakinlər isə müvəqqəti olaraq digər yerlərdə yaşayış sahəsi ilə təmin ediliblər. İşlər başa şatdıqdan sonra öz evlərinə körüləcəklər.

Təmir işləri ermənilərin Gəncəyə atdığı raket zərbələri nəticəsində dağılan Nizami kinoteatrında da aparılır. Görülən işlər zamanı ikimərtəbəli tikilinin fəsadı yenilənərək rənglənib. Bundan başqa binanın dam örtüyü də tamamilə dəyişdirilib, qapı və pəncərələr yenilənib. Daxildə suvaq işləri yekunlaşmaq üzrədir.

Nizami kinoteatrının binasında təmir-bərpa işləri başa çatdıqdan sonra həyəti də abadlaşdırılacaq. Yaşıllıq zolağı salınacaq, oturacaqlar qoyulacaq, asfalt örtüyü çəkiləcək.

 

Elnur Vahidoğlu