• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 756
— 11.01.2022 10:58

BMW şirkəti avtomobil gövdəsinin rəngini bir kliklə dəyişməyə imkan verən texnologiyanı sərgiləyib

BMW şirkəti CES 2022 sərgisi çərçivəsində avtomobilin gövdə rəngini ani şəkildə dəyişə bilən texnologiyanı sərgiləyib. Məlum olub ki, sözügedən texnologiya E Ink adlı elektron mürəkkəb əsasında qurulub. Bu cür elektron mürəkkəb isə adətən elektron kitablarda istifadə edilir. BMW iX Flow adlı konsept avtomobilin gövdəsinə E Ink Prism adlı elektroforetik örtük layı əlavə edilib. Sözügedən örtük isə öz növbəsində insan saçı qalınlığında olan mikrokapsullardan ibarətdir. Hər bir kapsul daxilində mənfi yüklənmiş ağ elementlər və müsbət yüklənmiş qara elementlər mövcuddur. Seçilmiş ayarlardan asılı olaraq elektrik sahəsi kapsulların üzərlərində ağ və qara elementlərin yığılmasına imkan verir. Nəticədə avtomobilin gövdəsi lazımi rəng çalarını əldə edir.

BMW bildirib ki, sözügedən texnologiyaya sahib avtomobilin irimiqyaslı istehsalı planlaşdırılmır. Belə ki, bu sadəcə olaraq konseptdir. Bununla yanaşı sözügedən texnologiya hal hazırda temperatur dəyişikliklərinə çox həssasdır. Avtomobil gövdəsinin rəng dəyişimi həqiqətən də bir düyməyə klikləməklə reallaşır. Rəng seçimi hələ ki, ağ, qara və bozdan ibarətdir. Lakin şirkətin fikrincə bu məhdud imkanlar praktik faydalara sahibdirlər. Ağ rəngli səth Günəş şüalarını daha yaxşı əks etdirir. Nəticədə avtomobilin gövdə rəngini ağ seçməklə avtomobilin və salonun Günəşdən qızmasının qarşısını almaq olar.