Brüsseldə Prezident Ilham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş beynəlxalq müstəvidə diqqət mərkəzindədir. Şarl Mişelin görüşdən sonra verdiyi açıqlamalar isə bir sıra məsələlərə aydınlıq gətirib. Politoloqlar üçtərəfli görüşün əhəmiyyətinə diqqət çəkirlər.
Təxminən 5 saat davam edən üçtərəfli görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mətbuata verdiyi açıqlamada “Cənubi Qafqaz regionunda vəziyyətlə bağlı səmimi və açıq dialoq baş tutdu” deyib. Yaydığı bəyanatda Ermənistan və Azərbaycan arasındakı münaqişə irsinin aradan qaldırılmasına çağırış edən Şarl Mişel sülh müqaviləsinin imzalanmasının vacibliyinə də toxunub. Bu açıqlama onu deməyə əsas verir ki, artıq Avropada yaxşı bilirlər ki, Azərbaycanın dediyi kimi, münaqişə keçmişdə qalıb və indi gələcəyə baxmaq lazımdır. Digər tərəfdən, Avropa İttifaqı Şurası Prezidentinin bu bəyanatı Azərbaycanın təklif etdiyi sülh müqaviləsinə dəstək kimi də qəbul edilə bilər.
Şarl Mişelin bəyanatında ilk dəfə olaraq Avropa İttifaqının gündəliyinə itkin düşmüş şəxslər mövzusu daxil edilib, onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olunub. Bu məqam birinci Qarabağ Müharibəsi zamanı 4 mindən artıq vətəndaşı itkin düşən Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Minatəmizləmə səylərinə, münaqişədən əziyyət çəkmiş insanlara, xüsusilə yenidənqurma fəaliyyətlərinə dəstək ifadə edilən bəyanatda, həmçinin sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində Aİ tərəfindən məşvərətçi statusda dəstək verilə biləcəyi vurğulanıb. Şarl Mişel regionda kommunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında əlaqəni təmin edən xətlərin açılmasına və inkişaf etdirilməsinə İttifaqın dəstəyinə də diqqət çəkib, qurumun hətta iqtisadi və investisiya resursları vasitəsilə bu layihələri dəstəkləyəcəyini vurğulayıb. Dəmir yol xəttinin çəkilişi xüsusi olaraq qeyd edilib ki, bu da Zəngəzur dəhlizi boyunca dəmir yolunun çəkilişini nəzərdə tutur.
Brüsell görüşündən sonra Aİ Şurasının Prezidenti Şarl Mişelin verdiyi bəyanat onu deməyə əsas verir ki, İttifaqın təşkilatçılığı ilə reallaşan üçtərəfli görüşdə Azərbaycanın haqlı mövqeyi təsbit edilib.
- Baxış: 282