• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1552
— 15.12.2021 20:25

Prezident İspaniyanın “El Pais" qəzetinə müsahibə verib

KepezTV Player

Müharibə bitəndən bəri 1 ildən çox müddət keçib və ümumiyyətlə, vəziyyət nisbətən sabitdir. Rusiya sülhməramlı qüvvələrinin Qarabağda məsuliyyət daşıdığı ərazidən danışırıqsa, vəziyyət Ermənistan-Azərbaycan sərhədində olan vəziyyətlə müqayisədə daha çox sabitdir. Bunun səbəbi isə əfsuslar olsun ki, Ermənistanın qisas almaq cəhdlərindən vaz keçməməsidir.Prezident İlham Əliyev Brüsseldə İspaniyanın “El Pais" qəzetinə verdiyi müsahibədə belə deyib.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: İkinci Qarabağ müharibəsində məğlubiyyət onlar üçün çox ağrılı oldu. Bu məğlubiyyət demək olar ki, onların otuz ildir davam edən “yenilməz ordusu”, “gücü”, “əsgər və komandirlərinin cəsarəti” haqqında müharibə təbliğatını və ideoloji zəminini darmadağın etdi. 44 gün davam edən müharibə zamanı Ermənistan ordusu tamamilə məhv edildi və onlar ötən il noyabrın 10-da kapitulyasiya aktına imza atmaq məcburiyyətində qalaraq bizim 44 günlük müharibədə geri almadığımız əraziləri geri qaytarmağa razılıq bildirdilər. Buna görə də Ermənistan cəmiyyətində, siyasi spektrində revanşizm əlamətləri görünür. Buna görə də Rusiya sülhməramlılarının xidmət etdiyi ərazidə buna imkanın olmadığını dərk edərək onlar dövlət sərhədində hərbi təxribatlar törətməyə cəhd göstərirlər.

Digər məsələ isə ondan ibarətdir ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədi təyin olunmayıb. Buna səbəb 1990-cı illərin əvvəlində hər iki ölkənin müstəqilliyinin bərpasından dərhal sonra Azərbaycanın həmin hissəsinin işğalının baş verməsi idi. Buna görə həm fiziki, həm də siyasi olaraq sərhədləri demarkasiya və delimitasiya etmək mümkün deyildi. Beləliklə, keçən ilin noyabrında İkinci Qarabağ müharibəsi bitəndə həmin ərazidə iqlim şəraiti digər ərazilərdən fərqli idi. Uca dağlar və qarla dolu bir ərazi idi. Bu ilin may ayında qar əriməyə başladı. Bu baş verən kimi Azərbaycan Ordusu dövlət sərhədinə tərəf hərəkət etməyə başladı və bu sərhədin haradan keçməsi ilə bağlı olan anlayışımıza əsasən, dövlət sərhədində mövqe tutdu. Yəni, hadisə belə olub. Əfsuslar olsun ki, Ermənistan Azərbaycanın hər hansı bir səbəb olmadan Ermənistanın ərazisinə müdaxilə etməsi ilə bağlı iddialar irəli sürməyə başladı. Beləliklə, biz öz ərazimiz hesab etdiyimiz ərazidə dururuq.

Prezident diqqtə çatdırıb ki, müharibə bitəndən sonra bir ildən çox müddətdə Ermənistan tərəfindən dövlət sərhədində hərbi təxribatlar törətmək üçün bir neçə cəhd edilib. Onların hamısı uğursuz olub. Bütün bu səylər nəticəsində onlar öz hərbi mövqelərini itirib, Azərbaycan isə dövlət sərhədində mövqelərini gücləndirib.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti:Noyabrın 16-da baş vermiş toqquşma bir gündən az davam etdi. Səhər başladı və axşam saat 6-7 radələrində bitdi. Beləliklə, biz bunu planlaşdırsaydıq dayanmazdıq, çünki Ermənistanın istənilən yerdə bizi dayandırmaq üçün hərbi bacarığı yoxdur. Bizim belə planlarımız yoxdur və buna görə də biz dayandıq.

Biz sülh istəyirik, yetərincə müharibə oldu. Biz sabitlik, proqnozlaşdırma və Ermənistan tərəfindən istənilən revanşizm cəhdləri riskinin sıfır səviyyədə olmasını istəyirik. Buna görə biz onların bütün manevrlərini, yenidən qruplaşmalarını və bizə təhlükəli ola biləcək hərbi potensial yaratmaq üçün bütün cəhdlərini çox yaxından izləyəcəyik. Bunun baş verdiyini görsək, təhlükəni dərhal aradan qaldıracağıq və onlar bunu bilirlər. Beynəlxalq oyunçular də bunu bilirlər. Müsbət dinamika görsək, biz, əlbəttə ki, bundan yararlanacağıq və sülhün gücləndirilməsinə öz töhfəmizi verəcəyik.

Prezident jurnalistin "sizcə Ermənistanla, sadəcə, atəşkəs deyil, real sülh sazişi haqqında nə zaman danışmaq olar?" sualına bu sualı Ermənistana ünvanlamaq lazımdır deyə cavab verib.Azərbaycan Ermənistanla sülh danışıqlarına və sülh razılaşması üzərində işləməyə başlamağa hazırdır.Ermənistan rəhbərliyindən buna heç bir cavab verilməyib."Ümid edirəm ki, yəqin Avropa tərəfdaşları Ermənistanı bu mövqeyinin gələcəyinin olmamasına inandıra biləcəklər. Hesab edirəm ki, Azərbaycanla sülh razılaşması olmazsa, onlar gələcəkdə yenə də əziyyət çəkə bilərlər" deyən dövlət başçısı sərhədləri açmaq məsələsinə də toxunub.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti:İndi Azərbaycan və Ermənistan arasında dəmir yolu əlaqəsinin açılması ilə bağlı tam razılıq var və biz Ermənistan sərhədi istiqamətində azad edilmiş ərazilərdə sökülmüş dəmir yolu xəttini tikməyə başlamışıq. Eyni zamanda, əvvəlki aylarda Ermənistan avtomobil yolunun açılmasına etiraz edirdi, lakin indi biz onları bunun qaçılmaz olduğuna inandıra bilmişik və onlar da bununla razılaşır. Beləliklə, anlaşma var. İndi biz bu dəhlizlərin, Azərbaycandan keçib Ermənistana gedən və sonra Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına gedən Zəngəzur dəhlizinin hüquqi rejimini müzakirə edirik. Burada bizim hələ də açıq qalan müəyyən məsələlərimiz var. Lakin hesab edirəm ki, hər iki ölkə bunun baş verməli olduğunu qəbul edir və yeri gəlmişkən, keçən ay Soçidə Prezident Putinin təşəbbüsü ilə keçirilən üçtərəfli görüş zamanı biz kommunikasiyaların açılmasından açıq şəkildə bəhs edən bəyannaməni qəbul etdik. Beləliklə, bu, baş verəcək. Yeri gəlmişkən, hava məkanı artıq aktivləşib. İndi Azərbaycan Hava Yollarının Bakıdan Naxçıvana uçan təyyarələri Ermənistan hava məkanından keçməyə başlayıb.

Dağlıq Qarabağın qondarma statusu ilə bağlı və ya buna bənzər hər hansı müzakirələrə qayıdış yoxdur.Biz istənilən halda qonşuyuq, heç birimiz başqa planetə köçməyəcəyik. Ona görə də, biz xalqlar arasında təmaslar da daxil olmaqla münasibətlərin normallaşması üçün yavaş-yavaş, addım-addım təməl hazırlayaraq yanaşı yaşamağı öyrənməliyik deyən prezident vurğulayıb ki, Ermənistanın inkişafı üçün yeganə yol Azərbaycanla Türkiyə ilə əlaqələrin normallaşdırılması, ərazi iddialarından çəkinmək məqsədilə insanları inandırmaq üçün mühüm addımların atılmasıdır. Tariximizdəki bütün faciəvi hadisələrə, dağıntılara, ermənilərin Xocalıdakı soyqırımına baxmayaraq, biz səhifəni çevirməliyik. Əgər gələcəyə baxmaq, sabit vəziyyət yaratmaq, yeni müharibə riskini tamamilə minimuma endirmək istəyiriksə, bu olmalıdır. Prezident iki ölkə arasındakı münasibətlərin yaxşılaşmasına kömək etmək üçün Rusiya və Avropa İttifaqının həqiqi istəyini gördüyünü deyib.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Düşünürəm ki, uzunmüddətli sülhdə maraqlı olan beynəlxalq ictimaiyyətin, təsisatların, ölkələrin bu səyləri çox müsbət nəticə verə bilər. Çünki uzun illər davam edən işğaldan və düşmənçilikdən sonra beynəlxalq oyunçular prosesə birmənalı şəkildə dəstək nümayiş etdirməlidirlər. Əgər Ermənistan sülh sazişinin hazırlanmasında bizimlə əməkdaşlıq etməyə razılaşsa, sözsüz ki, fəsilləri, əsas prinsipləri formalaşdırmaq və həll tapmaq üçün bizim beynəlxalq təcrübəyə, beynəlxalq tərəfdaşlara ehtiyacımız olacaq. Beləliklə, mənim gözləntilərim bununla əlaqədardır.

Prezident hərbi əsir sayılmayan, Azərbaycan ərazisinə terror törətmək məqsədilə keçənlərdən də danışıb.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: saxlanılan şəxslərin bəziləri, biz onları geri qaytarandan sonra, – onlardan 10-unu 10 gün əvvəl qaytarmışıq, – Ermənistanda həbs olunub. Bu, bizə, bu insanlara, onların qohumlarına çox ciddi bir siqnaldır. Biz onları Ermənistana qaytarmışıq, onlar isə həbs ediblər. Ola bilsin ki, onlar bu şəxslərə işgəncə verəcəklər. Onların çox sərt təcrübəsi var, çünki bizim əsirlərin Ermənistan həbsxanasındakı dəhşətli vaxtlar barədə danışdıqları onu göstərir ki, bu insanlar çox ağır işgəncələrə məruz qalacaqlar. Ona görə də, əgər biz daha çox adam qaytarsaq, onlar həbs olunacaqlar. Bu, real faktdır və bunu təsdiq etmək olar.

Prezident Azərbaycanın dronlar almağa davam etdiyini, eyni zamanda, qırıcı, kamikadze deyil, kəşfiyyat dronları istehsal etdiyini və bazara çıxardığını da bildirib. Azərbaycan 30-dan çox ölkəyə öz hərbi məhsullarını ixrac edir.  Biz bunu davam etdiririk, çünki qeyd etdiyim kimi, hələ də erməni revanşizmi təhlükəsi var, hələ də sabitliyin pozulması təhlükəsi var. Beləliklə, biz hər zaman sərhədlərimizi müdafiə etməyə hazır olmalıyıq deyə İlham Əliyev vurğulayıb.Söhbət zamanı Avropanın təbii qaza ehtiyacının artacağı, Azərbaycanın Avropanın etibarlı tərəfdaşı olduğu vurğulanıb. Bu il artıq Avropa İttifaqına 7 milyard kubmetrdən çox təbii qaz ixrac edilib. Gələn il 9 milyard kubmetr, 2023-cü ildə isə 11 milyard kubmetr qaz ixrac etmək planlaşdırılır. TAP layihəsinin Rusiya qazına alternativ olduğunu deyən jurnalist bunun Vladimir Putini narahat edən məsələ olub olmadığını soruşub.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Xeyr. İl ərzində müntəzəm olaraq görüşməyimizə və tez-tez telefon söhbəti aparmağımıza baxmayaraq, səmimi desəm, biz heç vaxt Prezident Putinlə bu məsələni müzakirə etməmişik. O, bu məsələni heç vaxt qaldırmayıb, çünki zənnimcə, bu rəqabət məsələsi böyük mənada şişirdilib. Bizim təchiz etdiyimiz qazın həcmi Rusiyanın təchizatı ilə müqayisə edilə bilməz. Rusiyanın Avropaya ixracı 100 milyardlarla kubmetr təşkil edir və bu rəqəm artmaqdadır. Bizim Avropaya ixracımız dediyim kimi, rəqabət təşkil etmir və biz heç vaxt buna rəqabət kimi baxmamışıq. Bizim üçün bu, bir kommersiya layihəsi idi. Bu gün bütün boru kəmərləri və infrastruktur hazır olduğu üçün Avropa və digər ölkələrə qaz təchizatının əsas mənbəyi olan “Şahdəniz” yatağının daxili gəlirlilik dərəcəsi artıb. Yəni, o, kommersiya baxımından çox cəlbedici olub. Biz nəhəng qaz ehtiyatlarına malikik və bizim bazara ehtiyacımız var idi. Bizim üçün bazar hara ola bilərdi? Bu, Rusiya ola bilməzdi, çünki Rusiya özü ixracatçıdır. Bu, Gürcüstan da ola bilməzdi, çünki onun qaza olan ehtiyacı nisbətən azdır. Bu, Türkiyə ola bilərdi və oradan isə Avropa. Biz məhz belə də etdik.