• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1610
— 06.12.2021 20:06

Sağlam qayıdış uğrunda mübarizə davam edir

KepezTV Player

İşğaldan azad olunan ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, keçmiş məcburi köçkünlərin qısa müddətdə öz doğma yurdlarına qaytarılması üçün ermənilərin minalarla çirkləndirdiyi ərazilərin sürətlə təmizlənməsi işləri davam etdirilir. Əməkdaşımız Valeh Anaroğlu Füzuli-Zəngilan avtomobil yolunun Cəbrayıl rayonundan keçən hissəsində minatəmizləmə əməliyyatlarının gedişini izləyib.

Qarabağ və Şərqi Zəngəzurda minatəmizləmə əməliyyatları sürətlə aparılır. Vətəndaşlarımızı təhlükədən qorumaq məqsədilə azad edilən ərazilərə gedən yollarda müvəqqəti postlar yerləşdirilib. Ancaq bəzi hallarda postlardan yayınaraq işğaldan azad edilən ərazilərə qanunsuz keçənlərə, öz həyatlarını təhlükəyə atanlara da rast gəlinir. Statistikaya əsasən, Vətən müharibəsindən sonra mina və partlamamış hərbi sursat hadisələrinin 53%-i azad edilən ərazilərə qanunsuz səfərlər nəticəsində baş verib.

Azad olunan ərazilərin müəyyən hissəsində minatəmizləmə əməliyyatları yekunlaşıb. Dövlət prioritetləri nəzərə alınaraq Cəbrayılda da müxtəlif qurumların sifarişləri əsasında bir neçə layihəyə dair ərazilər təmizlənərək təhvil verilib. Hazırda işlər Füzuli-Zəngilan avtomobil yolunun Cəbrayıldan keçən hissəsində davam etdirilir.

Ərazilərdə sürpriz minalar da mövcuddur. Həmin minalar düşmən tərəfindən hiyləgərcəsinə basdırılıb.

Minatəmizləmə əməliyyatları 3 üsulla aparılır - əllə, texnika və itlər vasitəsilə. Əllə minatəmizləmə təbii ki, daha böyük diqqət və məsuliyyət, eyni zamanda əməkl tələb edir. Prosesin iştirakçıları gördükləri işi vətəndaşlıq borcu hesab edirlər.

İşğaldan azad edilmiş ərazilərdə minaların təmizlənməsi prosesi sürətlə davam etdirilir. İnsan əməyi ilə yanaşı, xüsusi texnikaların köməyi vasitəsilə minaların zərərsizləşdirilməsi prosesi davam edir. Ancaq diqqət çəkən digər bir məqamda var ki, xüsusi təlim görmüş itlər də adıçəkilən prosesdə fəal iştirak edirlər.

Minatəmizləmə əməliyyatları ilə yaxından tanış olan jurnalistlər ərazidən tapılan minaların partlatma yolu ilə zərərsizləşdirilməsi prosesini də izləyiblər.

 

Valeh Anaroğlu