Göygöl rayon Polis Şöbəsinin və Baş Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluq etməkdə və vətəndaşlara məxsus əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Rayonun Çaykənd kənd sakini, orta məktəbin fizika müəllimi Elnur Hüseynov həmkəndliləri ilə qabaqcadan əlbir olaraq 2019, 2020 və 2021-ci illərdə oğurluq cinayətləri törədərək vətəndaşlara 170 000 manata yaxın ziyan vurublar.
Araşdırmalar zamanı məlum olub ki, həmkəndlisinə məxsus ümumi dəyəri 900 manat olan 7 baş keçini tanışı Səyyaf Məmmədovla birlikdə oğurlayan Elnur Hüseynov bundan başqa digər tanışı Qalib Məmmədovla birlikdə kənd sakininə məxsus ümumi dəyəri 3000 manat olan 3 baş iri buyunuzlu mal-qaranı da oğurlayıb. Daha sonra həmin şəxslər rayonun Yeni Zod kənd sakinlərinə məxsus ümumi dəyəri 4500 manat olan 3 baş iri buyunuzlu mal-qaranı oğurlayıblar. İstintaq zamanı E. Hüseynov və Q. Məmmədovun ötən ilin müxtəlif vaxtlarında vətəndaşlara məxsus, ümumi dəyəri 7900 manat olan 5 baş iri buynuzlu mal-qaranı oğurlaması da məlum olub. Cari ilin avqust ayında 6500 manatlıq iri buyunuzlu mal-qaranı oğurlayan şəxslər daha sonra tanışları Samir Məmmədovla qabaqcadan əlbir olaraq ümumi dəyəri 9500 manat olan 5 baş iri buynuzlu heyvanları da gizli yolla talayıblar.
Elnur Hüseynovun digər bir hüquqazidd əməli isə ədavəti olan qonşuna məxsus inəyi öldürərək uçurumdan atması olub.
Araşdırmalar zamanı saxlanılan şəxslərdən E. Hüseynov və Q. Məmmədovun cari ilin aprel ayında rayonun Toğanalı kəndində yerləşən “Göyəzən” adlı kafeyə qeyri-qanuni yolla daxil olaraq oradan oğurluq etmək istəmələri, oğurlanacaq hər hansı bir dəyərli əşya tapmadıqda isə obyekti yandıraraq restoran sahibinə 45000 manat dəyərində maddi ziyan vurduqları məlum olub. Sentyabr ayında isə həmin şəxslər daha bir anoloji cinayət hadisəsi törədərək kənddə yerləşən mağazadan ümumi dəyəri 1100 manat olan müxtəlif malları oğurladıqdan sonra mağazanı və ona bitişik evi yandıraraq vətəndaşa ümumilikdə 95 000 manat dəyərində maddi ziyan vurublar.
Polis əməkdaşları dəstə üzvlərindən Qalib Məmmədovun yaşadığı fərdi yaşayış evindən istifadəyə yararlı odlu silah və onun komplekt hissələrini də aşkar edib..
Faktla bağlı Göygöl RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
- Baxış: 1025