• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2166
— 29.11.2021 20:35

40 illik qaz həsrətinə son qoyulacaqmı?

KepezTV Player

Göygöl rayonunun Üçbulaq kəndinin sakinləri illərdir ki, həsrət ilə yaşayırlar - mavi yanacağın olacağı günün həsrəti ilə. Sakinlər şikayətləri müxtəlif qurumlara, özü də dəfələrlə etsələr də məsələ həllini tapmır ki, tapmır. Görəsən niyə görə Üçbulaq kənd qazlaşmadan kənarda qalıb?

Göygöl rayonunun Üçbulaq kəndi təmiz havası, saf bulaqları və sıx meşələri ilə tanınır. Amma üçüncü amil getdikcə sıradan çıxır. Sərt iqlimə malik kənddə təbii qazın yoxluğu səbəbindən sakinlər qızınmaq üçün meşələrə üz tuturlar və bununla da ətraf mühitə ziyan vurmaq məcburiyyətində qalırlar.

Göygöl rayonunun Üçbulaq kəndində qaz xəttinin olmaması həm təbiətə həm də evlərə ciddi ziyan vurur. Belə ki, arxamda gördüyünüz tüstü bacalarından çıxan tüstü təbiətə, eləcə də odun peçinin yaratdığı fəsadlar evlərə zərər vurur.

Üçbulaq kəndində qaz xəttinin olmaması həm çətinlik, həm əlavə xərclər yaradır, həm də ictimai problem olan ekologiyaya ziyan vurulması məsələsini gündəmə gətirir. Qonşu Keşkü kəndində qaz xəttinin mövcud olduğunu bildirən sakinlər, sözügedən kəndlə məsafəsi elə də uzaq olmayan Üçbulağa tezliklə qaz xəttinin çəkilməsini tələb edirlər.

Kənddə yaşanan problem uzun illərdir mövcud olduğundan sakinlərin də gündüzlərini gecə edən sual yaranır - Niyə qaz yoxdur? Hər yeri qaranlığa qərq edən hisdən canımız nə vaxt qurtulacaq? "Azəriqaz" məsələyə mövqeyini bu cür bildirdi.

İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, qaz kəmərlərinin və avadanlıqların yenidənqurulması dövlətin prioritetlərindəndir. Adıçəkilən kəndin mavi yanacaqla təchiz olunması məsələsinə gəldikdə isə, yaşayış massivinin qazlaşdırılması üçün də intensiv işlər aparılıb-aparılmayacağı sadəcə zaman məsələsidir. Ancaq görünən odur ki, Üçbulaq kəndinin sakinləri, qarşıdan gələn qış mövsümünə də əvvəlki illərdə olduğu kimi odun tədarükü etməklə hazırlaşırlar.

Valeh Anaroğlu