Gəncədə “Nizami Gəncəvi İli” çərçivəsində Beynəlxalq elmi konfrans keçirilib. Konfransda iştirak etmək üçün Türkiyənin bir sıra universitetlərinin rektorları nümayəndə heyətləri ilə birlikdə və Bakıdan olan nizamişünaslar ölkənin ikinci böyük şəhərindədirlər.
Nizami Gəncəvinin məqbərəsi, dahi şairin əsərlərinin əks olunduğu tunc abidə, eləcə də məqbərinin yaxınlığında yerləşən ulu şeyxin muzeyi. Beynəlxalq konfrans iştirakçılarının elmi müzakirələri dünya şairlərinin öncüllərindən olan Nizaminin uyuduğu torpaqla əyani tanışlıqdan başlanıb. Mütəfəkkirin ədəbiyyat inciləri, söz sənətində dahiliyi ilə bağlı ətraflı məlumat verilib.
Gəncə Dövlət Universitetində baş tutan beynəlxalq elmi konfransda Nizami Gəncəvinin dünyəvi şair olduğu, onun əsərlərinin özündən sonrakı ardıcılları üçün örnək olduğu diqqətə çatdırılıb. Həmçinin 2021-ci ilin Türkiyədə Yunus Əmrə ili elan edilməsinin Azərbaycanda Nizami Gəncəvi ili ilə üst-üstə düşməsinin xoş təsadüf olması qeyd edilib. Elmi konfransda qarşılıqlı fikir mübadiləsi aparılıb, Türkiyədə də dahi şairlə bağlı tədbirlərin, konfransların keçirilməsinin planlaşdırıldığı diqqətə çatdırılıb. Konfransdan sonra Gəncə Dövlət Universitetində Yunus Əmrə və Nizami Gəncəvinin adını daşıyan iki mühazirə otağının açılışı reallaşıb. GDU ilə İzmir Katip Çelebi Universitesi arasında əməkdaşlıq memorandumu imzalanıb.
- Baxış: 313