• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 888
— 20.09.2021 12:10

Gəncədə incəsənət, sənətkarlıq və yaradıcılıq sərgi-yarmarkasının açılışı olub

KepezTV Player

Gəncəsənət - Gəncə incəsənət, sənətkarlıq və yaradıcılıq sərgi-yarmarkası təşkil olunub. Sərgi-yarmarkanın həyata keçirilməsinin əsas məqsədi vaxtilə Gəncədə, eləcə də ətraf bölgələrdə mövcud olmuş, bugünkü dövrə gəlib çatmamış və ya çox az sayda sənətkar tərəfindən qorunub saxlanan bir sıra sənət ənənələrinin dirçəldilməsi və yaşadılmasıdır.

70 dən çox sənətkarın qatıldığı yarmarkada Gəncə və Qərb regionunda yaşayan sənətkarlara, rəssamlara aid bir çox növdə sənətkarlıq və rəngkarlıq nümunələri, həvəskar şəkildə yaradıcılıqla məşğul olan şəxslərin müxtəlif janrlarda əl işləri, həmçinin Gəncə mətbəxinin nümunələri təqdim olunub. Sərgi-yarmarka alıcılarla sənətkarlar arasında körpülərin salınmasına, yaradıcılıqla məşğul olanlar arasında inkişaf yönümlü dialoqun qurulmasına, eləcə də şəhərin mədəni həyatının canlandırılmasına xidmət edir.

Tarixən mədəniyyət beşiyi hesab olunan Gəncədə hələ qədim dövrlərdən müxtəlif sahələr üzrə xeyli sayda sənətkarlar fəaliyyət göstərib, müxtəlif sənətkarlıq və incəsənət növləri inkişaf edib. Hazırda da belə sərgilərin təşkili Gəncə və ümumilikdə qərb regionunda incəsənət və sənətkarlıq sahəsinə marağın artmasına səbəb olmaqla şəhərin mədəni ab-havasına yeni rəng qatacaq.

İki gün davam edən sərgi-yarmarkanın gələcəkdə mütəmadi şəkildə keçirilməsi planlaşdırılır.

 

Aişə Rzayeva