• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1168
— 11.09.2021 20:38

14 min 500 dəst dərslik gətirilib

KepezTV Player

Yeni tədris ilində 1, 2 və 6-cı sinifdə oxuyan Azərbaycan və rus bölməsinin şagirdləri üçün yeni dərsliklər nəşr olunub. Təhsil Nazirliyi tərəfindən Gəncənin orta ümumtəhsil məktəblərinin şagirdləri üçün həmin yeni dərsliklər, eləcə də digər siniflər üçün  nəşrlər göndərilib. Yeni gətirilən bu dərsliklər təyin olunan qrafiklə məktəblərə paylanılır.

Yeni tədris ilində Gəncənin Şah İsmayıl Xətai adına 13 nömrəli orta məktəbində  51 sinifdə 1000-ə yaxın şagid təhsil alacaq. Bu şagirdlərin dərsliklərlə təmin olunması üçün ötən tədris ilində məktəbə kitablar verilib. Ancaq məktəbdə şagirdlərin sayının artdığı, həmçinin yeni nəşrlərin çap olunduğu üçün dərsliklərə ehtiyac yaranıb.

Jalə İsmayılova kitabxanaçı: Bizim bu il 1,2 və 6-cı sinflər üçün təzə kitablar gələcək. Ancaq 5 və 8-ci siniflərə ehtiyacımız var. Bizdə şagirdlər tədris ili başa çatdıqdan sonra kitabları təhvil verirlər. Növbəti tədris ilində həmin kitablar şagirdlərə paylanılır.

Şəhərin Aleksandr Sergeyeviç Puşkin adına 9 nömrəli orta məktəbinin də şagirdlərin sayına uyğun olaraq yeni tədris ili üçün nəşrlərə ehtiyacı var. 27 sinifdə  569 şagirdin təhsil aldığı məktəbdə əsasən ibtidai sinif, qismən isə yuxarı sinif şagirdləri dərsliklərlə təmin olunmalıdır.

Durdanə Orucova kitabxana müdiri: Çatışmıyanda müraciət edirik təhsilə oradan verirlər. İbdidailərdə 1-5-ci siniflərdə olur. Hərəsindən 5-10 dənə ola bilsin ki çatmasın.

Gəncədə orta məktəblərdə dərsliklərə ehtiyacı olanlar üçün Təhsil Nazirliyi tərəfindən nəşrlər göndərilib. Nəşrlər şəhər təhsil idarəsi tərəfindən təyin olunan qrafiklərlərlə ardıcıl şəkildə məktəb kitabxanalarına paylanılır. İdarəyə müraciət edən kitabxanaçılar növbəlilik prinsipi ilə pandemiyya qaydalarına uyğun olaraq dərslikləri alırlar.

Elşən Məmmədov Gəncə şəhər Təhsil İdarəsinin məsləhətçisi: Yanvar-fevral aylarından məktəblərindən hesabat götürürük və bilirik hansı məktəblərdə dərsliklər çatışmır. 2 və 6-cı sinifdən başqa digər dərsliklər məktəblərin kitabxana fondunda var. Bir neçə adda yeni nəşrlərdən qalıb o da məktəb açılana kim tam təmin olunacaqdır.

Vəfa Cəfərova 11 nömrəli orta məktəbin kitabxana müdiri: Uşaqların sayı ilə bizə kitablar verilir. Biz bunu kitabxanada bunları möhürləyirik, nömrəliyirik. Sonra uşaq sayı ilə sinif rəhbərlərinə imza ilə təqdim edirik. İlin axırında da təhvil alırıq.

Ümumilikdə Gəncədə ibtidai siniflər üçün 13 min 203, yuxarı siniflər üçün isə 1300 dəst kitab gətirilib. Şagirdlərə dərsliklərin verilməsi prosesi yeni tədris ili başlıyana kimi başa çatdırılacaq. Qarşıdakı tədris ilində şəhər üzrə 45 orta ümumtəhsil məktəbində 40 min 220 şagird məktəbə gedəcək.

Elnur Vahidoğlu