• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1096
— 10.09.2021 19:45

Uşaq evinin şəhidi - Əmrah Rəcəbov

KepezTV Player

Növbəti videomaterialımız Qarabağ torpağına qanı qarışan şəhid Əmrah Rəcəbov barədədir. Bu dəfə ailənin qonağı olub, reportaj hazırlamışıq deyə bilmirik, çünki Əmrahın ailəsi də, yuvası da uşaq evində idi...

Çəkiliş qrupumuzla birlikdə bu dəfə yollandıq, Gəncə şəhər uşaq evinə. Şəhid Əmrah Rajapovun böyüdüyü yerə, yatdığı çarpayıya baxıb ruhunu ehtiramla yad etdik. Qəhrəmanımız 11 dekabr 2000-ci ildə Goranboy Rayonu Zeyvə kəndində doğulubdur. Təəssüflər olsun ki,  valideynləri haqqında heç bir məlumat yoxdur. Biraz araşdırma apardım və onda bildim ki, bir müddət nənəsi böyüdüb, ağbirçək vəfat edəndən sonra, Əmrah həyatının qalan günlərini, Gəncə şəhər uşaq evində keçirib. Şəhidin xalası və dayısı da var idi amma görünür balaca Əmraha heç birinin evində yer olmayıb. Əmrah kimi valideyn qayğısından məhrum olan uşaqlara dövlət hər nə qədər diqqət göstərsə də, təbii ki, bu valideyn qayğısı ilə əvəz oluna bilməz.

2018-ci ildə Gəncə şəhər 34 nömrəli tam orta məktəbi bitirən şəhidimiz, çox vətənpərvər, qabiliyyətli və istedadlı uşaq idi. Dəfələrlə rəsm müsabiqələrində iştirak etmişdir. Eyni zamanda yaxşı yazı qabiliyyəti olan Əmrah replər yazırdı. Bu gün ondan geriyə yalnız bu bəstələr qalıb. Orta məktəbi bitirdikdən sonra Zirvə kursunda bərbərlik peşəsinə yiyələnmişdi. Kimsəsiz  olduğu   üçün  2017-ci ildə Heydər Əliyev Fondu tərəfindən Bakı şəhəri Abşeron rayon Masazır qəsəbəsində internat məktəbləri və uşaq evlərinin məzunları üçün yaradılmış “Məzun evi”ndə bir otaqlı mənzillə təmin  olunmuşdur. Müəllimi ilə danışanda ailə qurmaq istədiyini, uşaqlıqdan həsrətində olduğu o isti ocağı yaratmaq arzusunda olduğunu deyir. Amma ona kim elçi gedəcəydi? Onun xonçasını kim bəzəyəcəkdi? Elə bu sualları düşünüb çox tərəddüd edirdi, Əmrah.

Uşaqlıqdan fudbola marağı olan Əmrah Rajapovun ən sevdiyi komanda  Kəpəz idi... Rəssamlıq qabiliyyəti yüksək olduğundan, futbol köynəyinin şəkilini özü çəkmişdi. Bu gün o köynək, ondan yadigar qalıb.

Əmrah Rajapovun şəxsi əşyaları içərisində məni ən təsirləndirən, Atesstatı oldu. Ata yeri boş idi. Sadəcə düz xətt çəkilmişdi. O zamanlar Əmrahın nə hisslər keçirdiyi ağlıma gəldi... və hansısa kişinin oğlu şəhid oldu, hansısa insan şəhid atası oldu, amma onun bundan xəbəri olımadı deyə düşündüm...

Əmrah 8 oktyabr 2020-ci il tarixində Füzuli rayonu istiqamətində gedən döyüşlərdə yaralı əsgər yoldaşını, döyüş mövqeyindən çıxartmağa çalışarkən yaxınlığına düşən mərmi nəticəsində qəhrəmancasına şəhid oldu. Şəhid olan zaman yanan və tanınmaz hala düşən Əmrahın nəşi yalnız, 4 ay sonra, 23 fevral 2021-ci ildə, Gəncə şəhər uşaq evinə təhvil verildi. Bir zamanlar kimsəsiz olan Əmrah, bu gün bütün Azərbaycanının oğludur. Qəbrin nurla dolsun şəhidim.

 

Nərgiz Əhmədqızı