Şəmkirdə “Xalqın zəfəri” adlı incəsənət sərgisi keçirilib. Qarabağ müharibələrində şəhid olan soydaşlarımızın xatirəsini əbədiləşdirmək üçün keçirilən sərgi bir çox yeniliklərlə yadda qalıb.
Şəmkir Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən “Xalqın zəfəri” adlı incəsənət sərgisi şəhər parkında açıq səma altında təşkil edilib. Sərgi Azərbaycan Ordusunun ötən ilin sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbənin 1 illiyinə həsr olunub. Sərgidə regional idarənin əhatə etdiyi Şəmkir, Daşkəsən, Göygöl və Gədəbəy rayonlarından olan istedadlı gənclərin əl işləri nümayiş edilib. İştirakçılar torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın portretlərinə, həmçinin müxtəlif mövzularda olan rəsm əsərlərinə tamaşa ediblər. 44 günlük müharibənin devizinə çevrilən hündürlüyü 2 metr olan “Dəmir yumruq” əl işi və “Xalqın zəfəri” yazılı lövhə də qonaqlar tərəfindən maraqla qarşılanıb. Eləcə də 5 metr uzunluğunda səngər, 2 metr hündürlüyündə Lələ təpə dağı və bu yüksəklik uğrunda şəhid olan qəhrəmanlarımızın portretləri də qonaqlar da xoş təsuratlar yaradıb. Şəmkirdən olan şəhidlərin taxta üzərində yandırma üsulu ilə şəkilləri əks olunan “Ədəbiyyat” simvolu kompozisiyası sərgilənib. Maketi hazırlanan “İti qovan” pilotsuz uçuş aparatının düşmən postunu məhv etməsi səhnəsi də izləyicilər tərəfindən marağa səbəb olub.
Sərgi regiondan olan şəhid ailələrinə qazilərə qürur verici anlar yaşadıb.
İlham Məmmədov şəhid atası:Şəhid Cavidin, şəhid Çingizin atasıyam. Bütün şəhidlərlə fəxr edirik, şəhidlər bizim başımızın tacıdır, qürur duyuruq. Fəxr edirəm ki, mənim oğlanlarım vətən uğrunda şəhdi olub. Bununla biz qürur hissi keçiririk.
Gülpəri Zamanova şəhid anası:Mən Mətləf Zamanovun anasıyam. Öz oğlumla fəxr edirəm. O düşmənə qalib gəlib. Mən belə oğulla fəxr edirəm.
Bayram Hacılı şəhid övladı: Mən Hikmət Hacıyevin oğluyam. Mən atamla fəxr edirəm. Allah bütün şəhidlərə rəhmət etsin.
Nemət Zamanov şəhid övladı: Atam mənim qəhrəmanlığımdı. Atam mənim başımın tacıdı.
Bu cür sərgi gənclərin hərbi vətənpərvərlik ruhunda maariflənməsinə böyük töhfə verəcək.
Zöhrab Adıgözəlov Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi: Ümumiyyətlə sərgidə bir çox yeni-yeni fikirlər var. Regionda nə qədər ki, istedadlı uşaqlar var, o istedadlı uşaqların hamısının hətta bağça uşaqların da əl işləri burada sərgilənir. Bu biz sakinlərə, gənclərə bunu təbliğ edirik ki, doğrudan da bu 44 günlük müharibədə bizim qəhrəman övladlarımız necə vuruşduğu sərgilənir. Onların keçdiyi yol sərgilənir, portretləri sərgilənir. Bir növ onlara sərgimizlə təbliğat aparılır ki, gələcək yerdən qalxan gənclərimizdə bu işlərdə fəal olsunlar.
Sərgi də regionda ilk dəfə olaraq kölgə sənəti də açıq səma altında nümayiş olunub. Milli qəhrəman Polad Həşimovun hazırlanan portreti maraqla qarşılanıb.
Kamran Qarayev rəssam, heykəltaraş:Bu Azərbaycanda bir ilkdir. Səhv eləmirəmsə sifət içi forması dünyada ilkdir. Bu kölgə sənəti gedir. Bu konstruksiyalardan ibarətdir. Bura qabaqdan işıq qoyulur. O konstruksiyanın kölgəsində şəkil yaranır.
Üç gün davam edəcək sərgiyə giriş sərbəstdir. “Xalqın zəfəri” adlı incəsənət sərgisi Şəmkir Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi digər rayonlarda da keçiriləcək.
Elnur Vahidoğlu
- Baxış: 564