Bu gündən etibarən ali təhsilin bakalavriat səviyyəsinə ixtisas seçimində uğur qazanmış şəxslərin elektron qaydada təhsil müəssisələrinə qeydiyyatına start verilib. Ölkənin ikinci böyük şəhəri Gəncədə qeydiyyatla bağlı iki alternativ mərkəz yaradılıb.
Gəncədə ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qəbul olunduğu təhsil müəssisəsi üzrə elektron qeydiyyat prosesinə dəstək olmaq üçün alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb. Qeydiyyatda çətinlik çəkənlər mərkəzlərə müraciət edə bilərlər.
Mir Cəlal Paşayev adına 39 saylı və İsmət Qayıbov adına 1 saylı məktəbdə fəaliyyət göstərən mərkəzlərdə karantin rejiminin qaydalarına riayət olunur. İlk gündən etibarən mərkəzə müraciət edən şəxslərə könüllülər tərəfindən lazımi yardım göstərilib.
Ali təhsil müəssisələrinə qəbul olunanlar sentyabrın 7-dən 20-dək qəbul olunduğu təhsil müəssisəsi üzrə elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün onlayn qaydada portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasından “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.
Valeh Anaroğlu
- Baxış: 692