• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1381
— 04.09.2021 20:13

Orxan Ərəbovun xatirəsi məzarı önündə anılıb

KepezTV Player

Bu gün hər zaman olduğu kimi, hamı ona görə toplaşmışdı. Sadəcə fərqli məkanda, şəhidlər xiyabanında. Qəhrəmanımızın 28 yaşını ailəsi, ilk dəfə onsuz qeyd etdi...

Orxan Ərəbov fəxrlə, qürurla öz işini yerinə yetirən hərbiçi idi. Anası deyir ki, 5 il  ailəli oldu və ən böyük arzusu ata olmaq idi. Lakin bu ona qismət olmadı. Bəlkə də, uca yaradan daha bir uşağın atasız qalmağını istəmədi, nə bilmək olar? Nəyinki Orxanın, digər şəhidlərimizin də çox arzuları yarımçıq qaldı, onlar şirin həyatdan keçib, özlərini bu torpağa, vətənə qurban etdilər. Bax burda deyirlər ki, vətən sevgisi hər şeydən üstündür.

Azərbaycan Ordusunun əsgəri olan Orxan Ərəbov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. Sentyabrın 29-da isə hər kəsin yetə bilmədiyi o uca məqama, şəhidliyə ucalıb. Bu gün şəhid anasına da, atasına da başını dik tut deyirik. Onlar da öz şəhidləri ilə qürur duyurlar, amma övladdan vətənə pay verərək. Bunun acısı isə heç nə ilə müqayisə oluna bilməz. Bunu Orxanın atasına mikrafon uzadanda "mən yox yerimə oğlum danışsın, bacarmıram" deməyindən də aydın olurdu.

Orxan Ərəbov ailənin 2-ci övladı idi. Anasının, atasının, qardaşının hörmətini saxlayar, onlara baş üstə deməkdən sanki zövq alırdı. Bu gün Gülüzar ananın gözü yoldadı, bəlkə oğlum gələr, şirin dilinə salar deyə gözləyir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Orxan Ərəbov ölümündən sonra "Vətən uğrunda" və "Cəsur döyüşçü"  medalları ilə təltif edilib.

Unutmayacayıq. Şəhidlərimiz biz yaşadıqca, Azərbaycan var olduqca xatırlanacaq və unudulmayacaq. Elə bütün işlərimiz, səylərimiz də bunun üçün deyimi? Bu gün rəssamın qələmi şəhidi çəkir, bu gün yazıçı, şair nazlı yardan yox, şəhiddən yazır. Bu gün jurnalist şəhiddən danışır. Çünki, hər birimiz, yaşamağımızı, nəfəs almağımızı, azad və qalib xalq olmağımızı şəhidlərimizə borcluyuq...  Şəhadətiniz mübarək olsun.

 

Nərgiz Əhmədqızı