Heydər Əliyev Fondunun dəstəyi ilə Goranboyda 1 saylı Körpələr Evi Uşaq Bağçası əsaslı təmir və bərpadan sonra istifadəyə verilib. Şəhid Şamil Quliyevin adını daşıyan 75 yerlik uşaq bağçası üçün yeni korpus tikilib və təlim-tərbiyə alacaq uşaqların sayı 95-ə çatdırılıb. Burada balacaların sağlam böyüməsi və hərtərəfli inkişafı üçün hər cür şərait yaradılıb. Bununla da rayon mərkəzində mövcud olan 3 körpələr evi uşaq bağçasından ikisi müasir standartlar səviyyəsinə çatdırılıb. Hazırda Goranboy rayonunda ümumilikdə 32 uşaq bağçası fəaliyyət göstərir ki, onlardan da təmirə ehtiyacı olanlar zamanla yenilənir. Ötən il rayonda Heydər Əliyev Fondunun təşəbbüsü ilə daha iki bağça təmir edilərək balacaların istifadəsinə verilib. Bu il rayonunun keçmiş təmas xəttinə yaxın kəndlərində yerləşən daha 4 uşaq bağçasının da təmir ediləcəyi planlaşdırılıb.
- Baxış: 459