Göygölün Balçılı kəndinin şəhidi, Elçin Həsənlidən danışacayıq. Hələ həqiqi hərbi xidmətdə olanda, tək arzusu "şəhid olmaq" olan qəhrəmanımız arzusuna çatdı.
Həsənli Elçin Qəşəm oğlu... 1998-ci ildə dünyaya gələn, Qarabağı görmədən sevən, uğrunda can verən qəhrəmanımız... Şəkillərdən gülümsəyən şəhidim... O, Murovdağ, Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak edir və qanı ilə tarix yazıb, ən ali zirvəyə ucalır. Hər şəhid ailəsində qonaq olanda, qəhrəmanlarımızın şəkillərinə baxanda, bizdən fərqləri nədir deyə düşünürəm. Həyatdan əllərini üzüb, torpaq altında uyumağı seçmək üçün, insanda hansı böyüklükdə ürək olmalıdı? Ölümü bir gün hər kəs dadacaq amma belə şərəfli ölüm yalnız şəhidlərimizə qismət oldu...
Elçin hələ həqiqi hərbi xidmətdə olanda, qeyd dəftərinə şəhid olacağını, bunu ürəkdən istədiyini yazıb.
Qardaş arxa dayaqdır. Hər bacı istəyər ki, ona qol qanad gələcək bir qardaşı olsun. Gülçinin də qürur duyacağı, fəxr edəcəyi bir qardaşı var. O bu gün onun yanında olmasa da, bütün Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq...
Elçin Həsənli müharibənin ilk günlərindən, silahdaşları kimi döyüşə atılır və cənnətdəki qonşuları kimi şəhidlik ona da qismət olur.
Ürək istərdi ki, müharibə heç olmasın, Analar balasız, övladlar atasız qalmasın. Lakin nə etmək olar? Vətən torpağı anadan əziz, baladan şirindir. Elçin Həsənli də, Vətən torpağını hər şeydən üstün tutanlardan oldu. Onun döyüşlərdə göstərdiyi qəhrəmanlıqlar mükafatsız qalmadı. Prezident İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medallarına layiq görülüb. Qəbrin nurla dolsun, nur üzlü şəhidim. Sizin sayənizə mənfur düşməni Azərbaycan torpaqlarından həmişəlik iti qovan kimi qovub, Qarabağı əbədiyyən, əzəli sahiblərinə qaytarıb, o diyarlarda 3 rəngli hilalımızı dalğalandırırıq.
Nərgiz Əhmədqızı
- Baxış: 779