"Bu gün" informasiya buraxılışı zəfərlə başa çatan Vətən müharibəsinin qəhrəmanlarını tanıtmaqda davam edir. Bu dəfə savaş zamanı ən qızğın döyüşlərə atılan, Etibar Həsənovdan söz açacağıq. Qanı ilə tarix yazan qəhrəmanımız Şuşa uğrunda gedən döyüşlərdə ən ali zirvəyə ucalıb.
Etibar Həsənov 1991-ci il fevralın 2-də Gədəbəy rayonunun Qarıkənd kəndində anadan olub. Müharibənin, odun, alovun içərisində dünyaya gələn şəhidimizi, elə savaş da bizdən, ailəsindən aldı. 1997-ci ildə həmin kənddə birinci sinfə gedən igidimiz, 2006-cı ildə Gədəbəy rayon Peşə liseyinə daxil olub. 2009-cu ildə geniş profilli təmirçi-çilingər peşəsinə yiyələnərək liseyi bitirib. 2009–2010-cu illərdə həqiqi hərbi xidmət keçdikdən sonra, 2019-cu ilin iyul ayından müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başlayıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə qoşulan Etibar Həsənov Füzuli uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib. Noyabrın 9-da Şuşa uğrunda aparılan döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Noyabrın 12-də isə doğulduğu kənddə torpağa əmanət edilib. Həyat yoldaşı ilə son danışığında Etibar Həsənov şəhid olacağını hiss etdiyini deyir.
Etibar Həsənov başından snayperin gülləsi ilə alaraq şəhidlik zirvəsinə yüksəlib. Həyat yoldaşı Aynurə xanım bu baş verənlər yuxuda ona agah olduğunu deyir.
Etibar Həsənov qanı ilə tarix yazan qəhrəmanlarımızdandır. Onun döyüşlərdə göstərdiyi rəşadət Prezident İlham Əliyevin sərəncamları ilə "Vətən Uğrunda", "Şuşanın azad olunmasına görə", "Hərbi xidmətdə fərqlənməyə görə" medalları ilə qiymətləndirilib. Şəhadətin mübarək olsun, şəhidim...
Nərgiz Əhmədqızı
- Baxış: 567