• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 709
— 17.08.2021 20:32

Gələcək vəd edən gəncəli xanım cüdoçu

KepezTV Player

Azərbaycanda qadın cüdosu son vaxtlar eniş dövrünü yaşayır. İrina Kindzerskanın Tokio Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə qazandığı medalları nəzərə almasaq mövcud vəziyyəti təsəvvür edə bilərik. Necə deyərlər bir çiçəklə bahar olmur. Ukraynalı legionerin uğurları fonunda yerli tatami ustaları yarışlarda uğursuzluqla düçar olurlar. Amma bədbinliyə qapılmaq olmaz. Gələcək vəd edən nəsil yetişməkdədir. Perspektivli tatami ustalarından biri də Gəncə cüdo məktəbinin yetirməsi Könül Əliyevadır.

Cüdoçu kiçik yaşlarından bu idman növünə böyük maraq göstərib. Aşağı yaş qrupları üzrə yarışlarda uğurlar əldə edib. Bir müddət idmandan kənarda qalsa da, məcburi istirahət onu ruhdan salmayıb və yenidən tatamiyə qayıdaraq ötən ay Çexiyanın paytaxtı Praqada keçirilən gənc cüdoçuların Avropa kubokunda gümüş mükafata yiyələnib.

Könül Əliyevanın şəxsi məşqçisi Xanəhməd Rzazadə yetiməsinin böyük gələcək vəd etdiyini və onun qarşıdakı illərdə milli komandada ürəkaçan nailiyyətlər qazanacağına inandığını deyib. Hətta mütəxəssis Könülü növbəti olimpiadalarda da görür.

48 kq-da çıxış edən Könül Əliyeva yeniyetmələr arasında respublika çempionatının qalibi, böyüklərin yarışında isə ölkə ikincisi olub. Könül həmçinin dünya və Avropa çempionatlarında iştirak edib. Bu günlərdə 17 yaşlı cüdoçu daha bir yarışa yollanıb. O, Latviyada start götürən yeniyetmələr arasında Avropa birinciliyində gücünü sınayacaq.