Yasamal rayonunda narkotik vasitə, eləcə də psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı, həmçinin oğurluqla məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar keçirilib. Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun müxtəlif ərazilərində narkotik vasitələrin və psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 nəfər tutulub. Əməliyyat zamanı əvvəlcə paytaxt sakinləri Fərhad Sadıqov, Taleh Baxşəliyev və Əjdər Məmmədov saxlanılaraq istintaqa təqdim olunublar. Bu şəxslərin üzərinə və evlərinə baxış zamanı külli miqdarda heroin, metamfetamin və elektron tərəzilər aşkar edilərək götürülüb. Saxlanılan şəxslər izahatlarında psixotrop maddə olan metamfetamindən istifadə etməklə yanaşı qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını da etiraf ediblər.
26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat zamanı isə rayon ərazisində yerləşən marketlərdən birindən müştərinin içərisində 890 manat və 100 dollar olan əl çantasını oğurlayan Yeganə Qurbanova, həmçinin tanışı Nicat Musayev də saxlanılıb. Şəxsi axtarış zamanı Nicat Musayevdən heroin və metamfetamin də aşkar edilib. Nicat Musayev ifadəsində narkotik maddələr əldə etmək üçün oğurluq etdikləri bildiriblər. Onların marketdən oğurluq etməsi obyektin müçahidə kameraları vasitəsi ilə də lentə alınıb.
- Baxış: 749