• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1393
— 04.08.2021 20:28

Turan Bayramov yığmamızın medal ümidlərindəndir

KepezTV Player

Son 3 olimpiadada Gəncə güləş məktəbinin yetirmələrinin iştirakı artıq ənənə halını alıb. Bu dəfəki Tokio olimpiadasında Nizami yurdunu təmsil edən yeganə idmançı isə sərbəst güləşçi Turan Bayramov olacaq.

Gənc güləşçinin olimpiadada iştirakının rəsmiləşməsi yarışların başlamasına bir neçə gün qalmış dəqiqləşib. Belə ki, 74 kq çəkidə Hacımurad Hacıyevin zədələnməsindən sonra federasiya gələcəyinə böyük ümidlər bəslənən Turanın Yaponiyada ölkəmizin şərəfini qorumasını məqsədəuyğun sayıb. Məşqçilər korpusunun Bayramova gündoğar ölkədə etibar etməsi isə əbəs yerə deyil. Gəncəli pəhləvan 20 yaşı olmasına baxmayaraq geniş medal kolleksiyasına malikdir. O, yeniyetmələr arasında 2018-ci ildə Avropa və dünya, eləcə də sözügedən yaş kateqoriyasında olimpiya oyunlarının qalibi ünvanına sahibdir. Bu yaş qrupunda eyni ildə, eyni nəticəni təkrarlayan ikinci bir güləçşi yoxdur. Bundan başqa gənclər arasında Avropa çempionu olan Turan, həm də böyüklərin yarışında ölkə birincisidir. Gəncliyi təcrübəsizliyə səbəb ola bilərmi sualının cavabına gəldikdə xatırlatmaq yerinə düşər ki, onun həmşəhərlisi Toğrul Əsgərov 2012-ci ildə London Olimpiya Oyunlarının qalibi olarkən 19 yaşı varıydı. Odur ki, Bayramov da Toğrul kimi vətənə medalla dönməyə qadirdir. Elə mütəxəssislər də eyni fikirdədirlər. Ömürlərini bu idman növünə fəda edən məşqçilər Nizami yurdunun güləşçisinin qalib olmaq şansını yüksək dəyərləndirirlər. Ancaq idmançı üçün bir mənfi cəhət var. Bu da onun Tokioda ənənəvi çıxış etdiyi 65 kq-da yox, 74 kq çəkidə güləşəcəyi ilə bağlıdır.

Güləşsevərlər də Turan Bayramovun çıxışını səbirsizliklə gözləyirlər. Ötən iki olimpiadalarda Toğrul Əsgərovun nailiyyətləri ilə sevinənlər eyni hisləri onlara Turanın da yaşadacağına inanırlar.

Turan Bayramovu 74 kq-da olduqca çətin sınaq gözləyir. Olimpiadada mübarizəyə sabah 1/8 final mərhələsindən qoşulacaq sərbəst güləşçinin ilk rəqibi ukraynalı Vasili Mixailov olacaq. Bu mərhələni keçəcəyi təqdirdə isə onu daha güclü güəşçilər gözləyəcək. Olimpiadanın favoritləri hesab edilən italyan Frank Çamizo, rusiyalı Zaurbek Sidakov və amerikalı Kayl Deyk kimi dünya çempionları qarşısında Turanın işi asan olmayacaq.