• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1472
— 26.07.2021 20:31

Polis əməliyyatlar keçirdi, 23 nəfər saxlanıldı

KepezTV Player

Bakı şəhərində polis əməkdaşları genişmiqyaslı əməliyyatlar keçirib.Xəzər, Nəsimi və Binəqədi rayonlarında narkotik vasitələrin satışını həyata keçirən  23 nəfər saxlanılıb.

Paytaxtda Xəzər Rayon Polis İdarəsinin əməkdaşları “patı”, “şüşə” adlanan metamfetamin, həmçinin heroinin satışı ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində əməliyyatlar keçiriblər. Mərdəkan qəsəbəsində narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Qəmbər Əliyev, qardaşları İmamverdi və Əliqəmə saxlanılıblar. Onların qəsəbə ərazisindəki evlərinin həyətinə baxış zamanı çəkisi 27 kiloqram olan 35 ədəd çətənə kolu, evdən isə 5 qram marixuana, 29 qram heroin, 9 qram metamfetamin və metadon həbləri aşkar edilib.

Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri digər tədbirlər zamanı rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan Emil Heydərov və onun şəbəkəsinə daxil olan 12 nəfər şəxs saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, Emil Heydərov müxtəlif yollarla əldə etdiyi narkotik vasitlərin Xəzər rayonu ərazisində bu şəxslərin köməkliyi ilə satışını təşkil edib. Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun “Kubinka”, “Şamaxinka” ,“Papanin” və digər ərazilərində narkotik vasitələrin və psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan daha 6 nəfər - əvvəllər məhkum olunmuş Əflatun Qəmbərov, Qurban Həsənov, Asif Məmmədli, Roman Həsənov, Tural Qarayev və Zeynal Rufullayev tutulub.

Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı isə Binəqədi qəsəbəsində psixotrop maddələrin satışı ilə məşğul olan əvvəllər dəfələrlə məhkum olunmuş Ramil Quliyev saxlanılıb. Üzərinə və qəsəbə ərazisində yerləşən evinə baxış zamanı  1 kiloqram 240 qram metamfetamin, 6 qram heroin və tiryək aşkar olunaraq götürülüb. Onun Binəqədi rayonu və ətraf ərazilərdən müxtəlif vaxtlarda 20-yə yaxın evdən oğurluqlar etdiyi də məlum olub. Ramil Quliyevin yaşadığı evə baxış zamanı oğurluq yolla əldə etdiyi məişət əşyaları da aşkar olunaraq maddi sübut kimi götürülüb. Cinayət işləri üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.