• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1034
— 24.07.2021 20:51

Vətəndaşla dövlət qurumu arasında körpü - Onlayn İctimai Nəzarət Platforması

KepezTV Player

Kommunal, yol və infrastruktur, abadlıq sarıdan probleminiz var?  Narahat olmayın. Problem varsa həlli də var. Yeni yaradılan e-nəzarət platforması məhz bu məqsədi daşıyır. Vətəndaşlarla dövlət qurumları arasında körpü rolunu oynayan yeni onlayn nəzarət platforması barədə süjetimiz var, izləyək.

Onlayn İctimai Nəzarətt Platforması - www.enezaret.az pilot layihə olaraq bu il iyunun 2-dən fəaliyyətə başlayıb. Məqsəd vətəndaşa icma problemlərinin həllinə nail olmaq, eyni zamanda, ictimai nəzarəti həyata keçirərək dövlət idarəçiliyində iştirak etmək imkanı yaratmaqdır. Platforma müxtəlif şəhər və rayonlardan 30-a yaxın yerli icra hakimiyyəti orqanı, dövlət qurumları ilə sıx əməkdaşlıq edir.

Onlayn İctimai Nəzarət Platforması qeyri-sosial davranış, heyvanlara qarşı qəddarlıq, məktəbdə uşaqlara qarşı zorakılıq, ictimai yerlərdə vandalizm, eləcə də ağacların qanunsuz kəsilməsi, məişət tullantıların idarə olunması, yol örtüyü, açıq lyuklar kimi problemlərə dair müraciətlər qəbul edir. Platformanın həllinə yardım göstərdiyi problemlərin tam siyahısı ilə enezaret.az saytında tanış olmaq mümkündür. İndiyədək ayrı-ayrı bölgələrdən Onlayn İctimai Nəzarət Platformasına 300-ə yaxın vətəndaş müraciəti daxil olub. Lakin onların böyük əksəriyyəti platformanın səlahiyyətlərinə aid olmayıb.

Onlayn İctimai Nəzarət Platformasının səlahiyyətinə aid olan 120 müraciətdən təxminən ¼-i – 32 müraciət artıq öz həllini tapıb. Onlar arasında qərb bölgəsindən edilən müraciətlər də var.

Layihənin məqsədi ictimaiyyəti narahat edən məsələlərə dair vətəndaşlardan video və foto sübutu olan məlumatı qəbul etmək və müvafiq dövlət orqanlarında onların həllinə nail olmaqdır. Onlayn İctimai Nəzarət Platforması ictimaiyyət üçün narahatlıq doğuran hər bir məsələyə səlahiyyətli orqanların reaksiyasını qiymətləndirmək imkanı da təmin edir.