• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1145
— 24.07.2021 20:37

Bir neçə şəhər və rayonda əməliyyat: "patı" satanlar saxlanıldılar

KepezTV Player

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, kultivasiyası, sosial şəbəkələrdə onlayn yolla satışı ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyatlar həyata keçiriblər.

Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının Lənkəran şəhərində keçirdikləri əməliyyatlar zamanı “patı” adlandırılan metamfetaminin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuşlar – Emil İbrahimov, Ceyhun Əliyev, Tofiq Rəhimov və Bəxtiyar Nəcəfov saxlanılıb. Onların üzərinə və Lənkəran şəhərində yerləşən evlərinə baxış zamanı 107 qram heroin, həşiş, metamfetamin və elektron tərəzilər aşkar olunaraq götürülüb.

Paytaxtın Nəsimi rayonunda sosial şəbəkələrdə narkotiklərin onlayn satışı ilə məşğul olan Fətəli Həsənli saxlanılıb. Üzərinə baxış zamanı 27 qramdan artıq yüksək təsiredici xassəyə malik nakotik vasitə - kokain, metamfetamin, eləcə də, 476 ədəd satışı qadağan olunan ekstazi və metadon həbləri aşkar edilib. Həmçinin üzərindən narkotik vasitələrin onlayn satışı zamanı pul dövriyyəsində istifadə etdiyi 2 ədəd plastik kart da götürülüb.

Nəsimi rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər dəfələrlə məhkum edilmiş Aydın Quliyev saxlanılıb. Onun üzərindən 14 qram heroin aşkar olunaraq götürülüb.

Baş İdarə əməkdaşlarının Xətai rayonunda keçirdikləri əməliyyatlar zamanı isə narkotik vasitələrin satışı ilə məşğul olan Sabir Rüstəmov və Nicat Rzayev saxlanılıblar. Rüstəmovdan ümumilikdə 42 qram, o cümlədən, kimyəvi tərkibli narkotik vasitə bonzai, kokain, metamfetamin,28 ədəd ekstazi həbi və plastik kart aşkar edilib. Rzayevin üzərindən və idarə etdiyi nəqliyyat vasitəsindən isə 8 qrama yaxın heroin və metamfetamin aşkar olunub.

Paytaxtın Nərimanov və Nizami rayonlarında həyata keçirilən növbəti əməliyyatlar zamanı sosial şəbəkə istifadəçiləri arasında narkotik vasitələrin satışını təşkil edən Anar Gərayzadə və Tahir Şirinov tutulublar. Gərayzadənin üzərindən və Nərimanov rayonunda yaşadığı mənzilindən ümumilikdə 616 qram heroin, metamfetamin, elektron tərəzi, Şirinovdan isə çəkisi 540 qram olan nakotik vasitə və psixotrop maddələr, həmçinin, elektron tərəzi akar edilərək istintaqa təqdim olunub.

Yasamal rayonunda və Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Zəngilan şəhərciyində həyata keçirilən əməliyyatlar zamanı Əli Abdullayev və Aydın Cavadov narkotik vasitələrin satışını həyata keçirməkdə şübhəli bilindikləri üçün saxlanılıblar.  Onlardan müvafiq olaraq 105 və 15 qram heroin, eləcə də, metamfetamin aşkar olunub.

Sabunçu rayonunda əvvəllər məhkum olunmuş Eduard Hüseynov narkotik vasitələrin qanunsuz  kultivasiyası ilə məşğul olduğu üçün saxlanılıb. Onun Maştağa qəsəbəsindəki evinin həyətinə baxış zamanı çəkisi 11 kiloqram olan 54 ədəd çətənə kolu və 4 kiloqram qururulmuş marixuana aşkarlanıb. Hüseynov ifadəsində narkotik tərkibli bitkiləri satmaq məqsədi ilə kultivasiya etdiyini bildirib.

Sonuncu əməliyyatlar zamanı ümumilikdə 6 kiloqrama yaxın  narkotik vasitə və psixotrop maddə, 495 ədəd narkotik tərkibli həb və 11 kiloqram çətənə kolu qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Əməliyyatların bir neçəsi Baş İdarənin sosial şəbəkələrdəki səhifələrinə ayrı-ayrı vətəndaşlar tərəfindən göndərilən məlumatlar əsasında həyata keçirilib.