• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 958
— 19.07.2021 20:24

Şəhid Elşad Mahmudov - yaşasaydı 24 yaşını qeyd edəcəkdi

KepezTV Player

Vətənin azadlığı, istiqlaliyyəti yolunda canını qurban verən, xalqın rifahı və xoşbəxtliyi naminə şəhid olan qəhrəmanlar heç vaxt unudulmur, ölümləri ilə ölümsüzlüyə qovuşurlar, şəhid Elşad Mahmudov kimi..

Vətən yalnız üzərində gəzdiyimiz, yaşadığımız torpaq demək deyil. Uğrunda mübarizə aparanda, onun toxunulmazlığını, bütövlüyünü hər şeydən üstün tutanda o torpaq Vətən olur. Hər qarışına qanlarını qataraq o torpaqları Vətən edənlərin elə özü Vətəndir. Belə qəhrəmanlarımızdan biri də Elşad Mahmudovdur. Biz ailəni ziyarət edəndə 1997-ci ildə Gəncə şəhərində anadan olan Elşadın onsuz keçən ilk ad günü idi. Yaşasaydı, 24 yaşı olacaqdı...

Aybəniz Mahmudova şəhidin anası:Uşağım necə böyüdü, necə yekələndi bir göz qırpımında oldu haər şey. Məktəbi qurtardı, sonra ali məktəbə qəbul oldu. 2018 – ci ildə universiteti bitirib əsgərliyə getd. 2019 da da gəldi. 1 il oldu ali məktəbi bitirdiyinə görə. Gələn kimi də müharibə başladı, müharibəyə getdi. Deyirdi mama narahat olma hər şey yaxşıdır, məndən narahat olmayın. Harda olduğunu heç demirdi. Elecə deyirdi Fizulidəyəm. Amma Qubadlıya Laçına gedib çıxmışdı. Heç inana bilmədik. Müharibənin qurtarmağına 2 gün qalmış da şəhid oldu.

Siyasət İzzətova şəhidin nənəsi: Elşad dünyaya gələndə eləbil mənə yenidən həyat verdi. Çünki onu çətinliklə tapdıq biraz gec oldu. Oda böyüdü yaxşı uşaq oldu, orta məktəbi əlaçı ilə qurtardı, sonra getdi universitetə girdi. Sonra atası xəstələndi, atası öldü qaldı yetim. Ürəksiz oldu balam, ama mərd oğul idi, mərd də vuruşdu, mərd də ad aldı. Onu böyütdük, oxutduq, diplomunu əlinə verdik. Allah gərək bağışlayardı anasına.

Oğlunun yadigarı Elşada gözü kimi baxan Siyasət İzzətova deyir ki, “Elşad mənə həm oğu idi həm də nəvə. O da vətənini hər şeydən üstün tutdu”.

Siyasət İzzətova şəhidin nənəsi: Ağlayırdım deyirdim buna da şükür balası var balamın. O mənə həm oğuldu həm nəvədi. Axırda da belə oldu. Bizə deyirdi ki, heç qorxmayın, yerim yaxşıdı, irəli gedirik. Axırda da bizi belə peşman elədi. Mən deyirdim ki, o salamat gələcək. Uşaqlar gəlib burda söyləyirlər ki, Elşada qəhrəman adı vermək lazımdır. Ölçünü elə ölçürdi ki, dəqiq kordinatı verirdi bizə. Deyirdilər o, qorxmaz uşaq idi. Mən deyirəm Elşad yəni əlimizdə böyümüşdü da ancaq uşaqlar çox razılıq edir.

Döyüş yolu Füzuli, Cəbrayıl, Laçından keçən Elşad Mahmudov ailəsi ilə danışdıqdan 1 gün sonra - 7 noyabrda Laçın uğrunda gedən döyüşlərdə ürəyindən qəlpə yarası alaraq şəhidlik zirvəsinə ucalır.

Hüseyn Hüseynov şəhidin dayısı: Mən Elşadla fəxr eləmişəm, yenə də fəxr edirəm. Uşaqlıqdan biz onla bacı oğlu kimi yox, dost kimi olmuşuq. Qucağımda böyüyüb. Naxçıvanda qulluq edirdi yanına da getmişdik. Şəhid olan gündən bir gün əvvəl mənlə danışdı. Dedi dayı hər şey yaxşıdır, Laçına doğru gedirik. Bir də dedi ki, bizim əsgərlərə duaçı olun ki, yaxşı olaq. 7-i günü şəhid oldu.

Şəhid Elşad Mahmudov ölümündən sonra Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

Aişə Rzayeva