• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1759
— 17.07.2021 20:09

Bayram günlərində avtovağzallar və hava limanı işləyəcək

KepezTV Player

Sabahdan başlayan Qurban bayramı günlərində ölkə ərazisində şəhərdaxili ictimai nəqliyyat işləməsə də, şəhərlər və rayonlararası gediş-gəliş olacaq. Eləcə də hava limanı faəliyyət göstərəcək. Avtovağzallarda sərnişinlərin sıxlığı nəzərə alınaraq əlavə avtobus və mikroavtobuslar ayrılıb. Lazım olduqda onlar da xəttə buraxılacaq.

Qərb bölgəsinin ən böyük avtovağzalı olan Gəncə Beynəlxalq Avtovağzal Kompleksi qurban bayramı ilə bağlı gücləndirilmiş iş rejiminə keçib. Bayram günlərində sərnişin sıxlığı olarsa, xəttə buraxılacaq əlavə nəqliyyat vastələri saz vəziyyətə gətirilib. Avtovağzal həftənin bütün günlərində səhər saat 6-dan axşam saat 18-ə kimi sərnişinlərə xidmət göstərir. Gün ərzində 70 xətt üzrə 100-dən artıq avtobus yola salınır ki, onlardan da 18-i paytaxta istiqamət götürür. Biletlərin qiymətlərinə gəlincə, təyinat nöqtələrindən asılı olaraq 1 manat 10 qəpik - 8 manat 40 qəpik arası dəyişir.

Qərb bölgəsinin 6 rayonuna 12 xətt üzrə sərnişinlərin daşındığı "Gəncə Avtovağzal" MMC də bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Burada hazırda gündəlik olaraq 60-a yaxın avtobus və mikroavtobus xəttə çıxır. Bayram günlərində zərurət olarsa, əlavə nəqliyyat vastələri də sərnişinlərin ixtiyarına veriləcək. Avtovağzal həftənin bütün günləri səhər saat 7-dən axşam saat 19-dək işləyir.

Gəncə Beynəlxalq Hava Limanından Kəpəz televiziyasına bildirilib ki, aeroport da Qurban bayramı günlərində öz fəaliyyətini davam etdirəcək. Hava limanından həftənin çərşənbə axşamı Sankt-Peterburq və İstanbula, şənbə günü İstanbula, bazar günü isə Moskvaya reyslər həyata keçirilir.

Elnur Vahidoğlu