• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2099
— 12.07.2021 12:05

Şanlı zəfərə gedən yol - Tovuz döyüşlərindən 1 il ötür

KepezTV Player

Azərbaycanın şanlı zəfərin qazanıldığı Vətən müharibəsinə gedən yolun əsas mərhələlərindən olan Tovuz döyüşlərinin başlamasından bir il ötür. Ötən il iyulun 12-dən başlayaraq bir neçə gün ərzində ermənilərin hücum cəhdinin qarşısı alındı, düşmənə sarsıdıcı zərbələr endirildi. Ermənilərin 100-ə qədər canlı qüvvəsi, çoxlu sayda hərbi texnikası və mühüm obyektləri məhv edildi. Ordumuzun gördüyü cavab tədbirləri nəticəsində böyük itki verən düşmən geri çəkilməyə məcbur edildi.

General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, müddətdən artıq hərbi xidmət qulluqçuları - əsgər Elçin Mustafazadə, çavuş Vüqar Sadıqov, əsgər Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov. Tovuz döyüşlərində şəhidlik zirvəsinə ucalan qəhrəman oğullar. Onlar öz ölümləriylə yeni səhifə açdılar. Öz qanlarıyla şanlı zəfərin ilk hərflərini yazdılar. Düşmənin hücumları nəticəsində bir mülki şəxsimiz Tovuz sakini 76 yaşlı Əziz Əliyev də həyatını itirdi. Tovuz döyüşləri Azərbaycan tarixində bir dönüş nöqtəsi oldu. 2020-ci il iyulun 12-si günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi kobud şəkildə pozaraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqla əslində öz məbğlubiyyətinin əsasını qoydu. Öz sonunun başlanğıcını gətirdi.

Tovuz döyüşləri iyulun 17-də Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşdı və heç bir ərazi itkisi olmadı. Bu döyüşlər həm də Azərbaycan xalqının iradəsini, düşmənə qarşı Ali Baş Komandanın, Ordunun ətrafında necə sıx birləşdiyini göstərdi, yüksək həmrəyliyin nümayişi oldu. Minlərlə azərbaycanlı gənc ordu sıralarına yazılmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bölmələrinə müraciət etdi.

Tovuz döyüşləri Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan 44 günlük Vətən müharibəsinə, tarixi qalibiyyətə aparan yolun başlanğıcı oldu. Bu döyüşlərdən təxminən iki ay yarım sonra düşmənin növbəti təxribatının qarşısını almaq üçün genişmiqyaslı əks-həmlə əməliyyatına başlanıldı, Azərbaycan Ordusu cəmi 44 gün ərzində düşməni diz çökdürərək 30 illik işğala son qoydu. Cəngavər hərbçilərimiz düşmənə sarsıdıcı zərbələr vurub Ermənistan Ordusunu məhv etməklə torpaqlarımızı öz azadlığına qovuşdurdu, xalqımıza isə sonsuz sevinc və qürur hissi yaşatdı.