• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1575
— 08.07.2021 12:01

Güclü yağış qərb bölgəsində fəsadlar törədib

KepezTV Player

Güclü yağış qərb bölgəsinin digər ərazilərində də fəsadlar törədib. Gədəbəyin Nərimanlı kəndində 63 yaşlı Şəhid Sadıqovu qoyun otaran zaman sel aparıb. Güclü leysan və dolu əkin sahələrinə, kənd təsərrüfatına ciddi ziyan vurub. 19 baş xırda, 1 baş iribuynuzlu heyvanı sel aparıb. Bəzi kəndlərdə işıq dirəkləri aşıb, yollara ziyan dəyib. **Şəmkirdə isə yağmurlu hava yol qəzasına səbəb olub. “Kraz yolu” deyilən ərazidə sel bir avtomobili apararaq digər avtomobilə çırpıb. Nəticədə üç nəfər xəsarət alıb. Yaralılar Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Şəmkirin kəndlərində 25 işıq dirəyi sıradan çıxıb, 19 min 500 abonent işıqsız qalıb. 1152 abonentin isə mavi yanacaq xətti zədələnib. Təmir-bərpa işlərindən sonra elektrik enerjisi və mavi yanacağın verilişi bərpa edilib. Rayonda 197 fərdi ev və 5 çoxmərtəbəli binanın zirzəmisinə su dolub. Çaykənd, Yenigöyçə kəndlərində, Sərxanlı adlanan ərazidə yolu sel suları dağıdıb. **Ucqar dağ rayonu olan Daşkəsəndə də güclü leysan və dolu fəsadlar törədib. Alaxançallı kəndində 4 işıq dirəyini su aparıb. Kənd təsərrüfatına, əkin sahələrinə ciddi ziyan dəyib. **Goranboy rayonunda isə güclü leysan nəticəsində Ağcakənddə 4 evin zirzəmisini su basıb, əkin sahələrinə ziyan dəyib. **Bütün rayonlarda yaranan fəsadlar aradan qaldırılıb.