• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1027
— 06.07.2021 19:29

DSX: Azərbaycan-İran sərhədində silahlı insident olub, ölən var

KepezTV Player

Azərbaycan-İran sərhədində silahlı insident olub, ölən var. Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

“Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Sərxanlı kəndi ya­xın­lığındakı sərhəd zastavasının xidməti ərazisində 5 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkar olunub. Sərhəd pozucularının silah və gecə görmə cihazları ilə silahlanması, onlardan birinin üzərində içərisində narkotik vasitə olması ehtimal edilən 1 ədəd çanta müşahidə edilib. Sərhəd naryadı tərəfindən “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşi açılmasına baxmayaraq, sərhəd pozucuları əmrə tabe olmayaraq silahlı müqa­vimət göstərib və avtomat silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd ediblər. Sərhəd pozucularının təqibi zamanı sərhəd naryadı tərəfindən Qanunun tələblərinə uyğun olaraq silah tətbiq olunub, sərhəd pozucularından biri - hüquq mühafizə orqanlarının axtarışında olan Azərbaycan vətəndaşı 29 yaşlı Məzahir Qurbanov güllə yarası alıb, ona ilkin yardım göstərilərək Cəlilabad rayon mərkəzi xəstəxanaya təxliyə edilib, lakin sərhəd pozucusu yolda ölüb. Digər sərhəd pozucuları ərazinin sıx meşəlik, hava şəraitinin qaranlıq olmasından istifadə edərək geri İran ərazisinə qaçıblar. Əraziyə baxış zamanı 1 ədəd çantada təxmini çəkisi 6895 qram narkotik vasitəyə bənzər maddələr və dərman preparatları aşkar olunaraq götürülüb. Hazırda Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əla­qədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.