Xarici işlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika bölgəsi üzrə dövlət naziri Vendi Morton ilə telefon danışığı baş tutub. Tərəflər arasında üçtərəfli bəyanatın icrası ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb. Vendi Morton iyunun 12-də Azərbaycan tərəfindən Ermənistanın Ağdam rayonu üzrə mina xəritələrini təqdim etməsi müqabilində saxlanılan 15 nəfər erməninin qarşı tərəfə təhvil verilməsi ilə bağlı məmnunluq ifadə edib. Dövlət naziri tərəflər arasında gərginliyin aşağı salınması və etimad quruculuğunun artırılması baxımından bu addımı müsbət qiymətləndirib. Nazir Ceyhun Bayramov Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsi prosesinə Birləşmiş Krallığın BMT-nin İnkişaf Proqramı xətti ilə verdiyi dəstəyi və bu xüsusda ANAMA ilə həyata keçirilən əməkdaşlığı minnətdarlıqla qeyd edib.
- Baxış: 385