• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2080
— 11.06.2021 20:10

AVRO-2020 başlayır

KepezTV Player

Pandemiyaya görə ötən ildən bu ilə təxirə salınan futbol üzrə Avropa çempionatı bu gün start götürür. Qitənin ən nüfüzlu turniri bu dəfə ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Axı Bakı yarışın ev sahiblərindən biridir.

Azərbaycan paytaxtı bu vaxta kimi müxtəlif idman növləri üzrə ən mötəbər turnirlərin təşkilatçısı olub. İlk Avropa Oyunları və İslam Həmrəyliyi Oyunları belə yarışların önündə gəlir. Bu sırada AVRO-2020 ölkəmizə növbəti etimadın göstəricisi sayılmalıdır. Bakı 1 ay ərzində nəinki Avropanın, eləcə də bütün dünyanın diqqətini çəkəcək qitə çempionatının 11 ev sahibindən biridir. Bu o deməkdir ki, ölkəmiz böyük futbol bayramında pay sahibi olacaq.

Avropa çempionatının oyunlarının Bakıda keçirilməsini milli komandanın sabiq futbolçusu Azər Məmmədov Azərbaycan futbolu üçün əlamətdar hadisə hesab edir. Məmmədovun təəssüfləndiyi yeganə məqam vaxtilə şəfərini qoruduğu komandanın yarışdan kənar qalmasıdır. Çünki çempionatın ev sahiblərinin böyük əksəriyyətinin yığmaları həm də yarışın iştirakçısıdır.

Yığmamızın yoxluğunda azərbaycanlı fanatların böyük hissəsi illərdir bu kimi turnirlərdə tərəfini tutduğu Türkiyə yığmasına azarkeşlik edəcəklər. Ona görə də qardaş ölkənin komandası Bakıda dəstəksiz qalmayacaq.

Vaxtilə “Kəpəz” çıxış edən və hazırda klubun uşaq futbolunda məşqçi kimi fəaliyyətini davam etdirən bir qrup gəncəli mütəxəssis Bakıda keçiriləcək oyunları stadiondan izləmək imkanı qazanıb. Rəhman Əzizov bileti olan belə məşqçilərdən biridir.

A qrupunun üç və 1/4 final mərhələsinin bir oyununu qəbul edəcək Bakı Olimpiya Stadionunda hər görüş üçün arenanın ümumi tutumunun 50 faizi qədər azarkeş yer alacaq. Türkiyə yığması ilə yanaşı, ölkəmizdə Uels və İsveçrə seçmələri də mübarizə aparacaq. Bakıda ilk oyun da iyunun 12-də məhz bu komandalar arasında keçiriləcək.