Bu gündən pandemiya dövründə fəaliyyətinə qadağa qoyulan bir sıra sahələr işini bərpa edib. Gəncədə də uzun müddətdən sonra məscidlər, idman zalları və iri ticarət obyektləri fəaliyyətə başlayıb.
Ötən ilin aprelindən etibarən karantin rejimi ilə əlaqədar olaraq sözügedən sahələrin işi məhdudlaşdırılmışdı. Son aylar yoluxma sayının kifayət qədər azalması nəticəsində operativ qərargah tərəfindən yumşalmaların olması qərar alındı. Fəaliyyətinə icazə verilməsi ən çox arzulanan sahələrdən biri iri ticarət mərkəzləri və malların açılması idi. Müəyyən şərtlərlə - yəni tibbi maska və dezinfeksiyaedici vasitələrdən istifadə etməklə bu gündən adıçəkilən məkanlara olan qadağanın aradan qalxması sakinlərin də sevincinə səbəb olub.
İl ərzində ibadət edənlərin ən çox getdiyi yerlərdən olan məscidlərin açılmasını da böyük səbirsizliklə gözləyənlər də bu gün arzularına çatıblar. Təbii ki, Nazirlər Kabinetinin göstərişlərinə əsasən bu məkanlarda müəyyən sayda və COVİD-19 pasportu olan şəxslər ibadətlə məşğul ola biləcəklər. Bununla yanaşı yaşı 14-dən aşağı uşaqlar məscidlərə buraxılmayacaqlar.
Ölkədə əhalinin bir hissəsini də idmanla məşğul olanlar təşkil edir. Məhz pandemiya dövründə də ən çox idman zallarının açılması üçün müraciətlər olub. Dini yerlərdə olduğu kimi idman zallarının fəaliyyətinə də müəyyən şərtlər əsasında icazə verilib. 18 yaşdan yuxarı olan şəxslərin zala daxil olması üçün COVİD-19 pasportu şərtdir. Qadağanın aradan qalxması müxtəlif növlərlə məşğul olan həm peşəkar, həm də həvəskar məşqçi və idmançıların istəklərini reallaşdırıb.
İdman zallarının açılmasına təkcə idmançılar deyil, dövlət rəsmiləri də sevinib. Sərt karatin dövründə bu fəaliyyət sahəsinin açılması üçün bir neçə dəfə operativ qərargaha müraciət edən millət vəkili Müşfiq Cəfərov da belələri sırasındadır.
Ümumiyyətlə işləməsinə izn verilən bütün sahələrin yenidən qapanmaması üçün verilən göstərişlərə əməl olunmalıdır ki, yenidən yoluxma halları artmasın və analoji məhdudiyyətlər tətbiq edilməsin.
- Baxış: 434