Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun tikintisi davam edir. Strateji əhəmiyyəti ilə seçilən yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir. Başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürməklə layihələndirilən yolun uzunluğu 124 kilometrdir. Yol Qarabağın inkişaf planı nəzərə alınmaqla 6 və 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Yolun ilk 76 km-lik hissəsinin 6, qalan 48 km-lik hissəsinin isə 4 hərəkət zolaqlı olması nəzərdə tutulub. Hazırda avtomobil yolunun ilk 76 km-lik hissəsində torpaq işləri icrasına başlanılıb. Yeni Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu Zəngilanla yanaşı, işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarının da ərazisindən keçir və inşası aparılan Əhmədbəyli-Füzuli-Şuşa, Şükürbəyli-Cəbrayıl-Hadrut və Xudafərin-Qubadlı-Laçın avtomobil yolları başlanğıcını məhz bu yoldan götürür.
- Baxış: 382