Bir çox sahələr kimi artıq regionlarda icra hakimiyyətlərinin elektronlaşdırılması işinə başlanılıb. Bu tədbirlər ilkin olaraq 3 şəhər və rayonda tətbiq ediləcək ki, onların içində Gəncə Şəhər İcra Hakimyyəti də var.
Proses Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən yeni yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" portalı vasitəsilə reallaşacaq. Bununla yerli icra hakimiyyəti orqanlarında göstərilən maksimum 39, minimum 25 xidmətin tam təhlili, sadələşdirilməsi və asanlaşdırılması hədəflənib. Layihə iki hissədən ibarət olacaq. Birinci hissədə yerli İcra Hakimiyyəti orqanları tərəfindən göstərilən xidmətlərin "ASAN Xidmət" standartlarında formalaşdırılması, ikinci mərhələdə isə vahid mərkəzdən virtual formada vətəndaşlara xidmət göstərmək planlaşdırılır. Pilot layihə olaraq artıq Gəncə şəhəri, Quba və Masallı rayon İcra Hakimiyyətlərinin xidmətlərinin elektronlaşmasında müvafiq işlər görülür.
Xidmətlərin elektronlaşdırılması təkcə vətəndaşların işinə yaramayacaq. Eyni zamanda portal istifadəyə verildikdən sonra İcra Hakimiyyətlərinin də işi yüngülləşəcək.
Vətəndaşlar yaxın gələcəkdə yaradılacaq sayta daxil olmaqla yerli İcra Hakimiyyəti orqanının göstərdiyi xidmətlərdən istifadə etmək imkanına sahib olacaqlar. Portal vasitəsilə sakinlər İcra Hakimiyyətində qəbula da yazıla biləcəklər. Bununla yanaşı tikintiyə və istismara icazə, vətəndaşların uçota alınması və bir çox xidmətlərdən yararlanmaq mümkün olacaq.
- Baxış: 409