• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1257
— 13.05.2021 20:35

“Şuşa” yarımstansiyasının açılışı olub

KepezTV Player

30 illik düşmən tapdağından azad olunan Azərbaycan torpaqlarına həyat sürətlə qayıdır. Şuşa “Xarıbülbül” festivalı ilə illər sonra yenidən milli musiqilərin sədası altında azadlığını bayram etdi. Azərbaycan muğamının zəngulələri hər daşı, hər qayanı titrətdi. İndi Azərbaycan xalqı o torpaqlara qayıdıb əbədi yaşamağı səbirsizliklə gözləyir. Bu arzunun ən qısa müddətdə həyata keçirilməsi üçün isə Azərbaycan dövləti dayanmadan çalışır. Prezident İlham Əliyevin Şuşada bir sıra mühüm obyektlərin açılışında iştirakı, təməlqoyma mərasimləri bunun bariz nümunəsidir.

Şuşa şəhərinin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, şəhərin etibarlı, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə “Şuşa” yarımstansiyasının tikintisinə ötən ilin dekabrında başlanılıb. Ötən gün isə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə açılışı oldu.

Füzulidəki “Şükürbəyli” yarımstansiyasından Şuşaya 110 kilovoltluq ikidövrəli elektrik verilişi xəttinin çəkilişi fasiləsiz, növbəlilik prinsipi ilə 73 günə icra olunub ki, bu da nəinki Azərbaycan energetikası, regionun energetika tarixində rekorddur. Hazırda Kəlbəcər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdamda, ümumilikdə, 9 yarımstansiya və onları əlaqələndirən 110 kilovoltluq ötürmə xətlərinin tikintisi gedir. Yaxın vaxtlarda Kəlbəcərdə 2 kiçik su elektrik stansiyasının tikinti və bərpasına başlanılacaq.

Yenidən qurulan “Xarı Bülbül” oteli

Dövlət başçısının iştirakı ilə Şuşada “Xarı Bülbül” otelinin yenidənqurmadan sonra açılışı olub. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva oteldə yaradılan şəraitlə tanış olublar.

Anar Ələkbərov: Otelin bu əməkdaşları əslən Şuşadandırlar.

Prezident İlham Əliyev: Çox yaxşı, mən demişdim ki, buraya Şuşadan olan insanlar cəlb edilsinlər. Sən Şuşada yaşamamısan, eləmi?

Otelin əməkdaşı: Xeyr.

Prezident İlham Əliyev: İndi yaşayacaqsan.

Otelin 49 otağının hamısı qonaqların qalması və rahat istirahət etməsi üçün bütün zəruri infrastrukturla təchiz olunub. Bu cür obyektlərin istifadəyə verilməsi Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın turizm potensialının möhkəmləndirilməsində çox mühüm rol oynamaqla yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən tarixi Şuşa şəhərində icra olunan sosial layihələrin ardıcıl və sürətlə davam etdiyini göstərir.

“Xarı Bülbül” otelinin nəzdindəki 48 mənzilli korpusda və kotteclərdə yaradılan şəraitlə də tanışlıq olub. Bu obyektlər də müasir səviyyədə yenidən qurulub.

Yeni məscidin təməli qoyulub

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada yeni məscidin təməlini qoyublar.

Yeni məscid Şuşaya bir dominant kimi hakim olacaq

Qədim Şuşada təməli qoyulan məscid dini ocaq və modern memarlıq nümunəsi kimi göz oxşayacaq. Bu memarlıq elementi Şuşanın firavan və uğurlu gələcəyinə əminliyi, keçmişlə bu gün arasındakı əlaqəni təcəssüm etdirəcək.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti:Şuşa şəhəri işğalçılardan azad olunandan sonra artıq bu məscidin memarlığı barədə düşünməyə başlamışdım. Nəzərə alsaq ki, Şuşa şəhərində vaxtilə 17 məscid olub və mənfur düşmən onların hamısını dağıdıb. Üç məscid yarıdağıdılmış vəziyyətdə idi - Yuxarı və Aşağı Gövhərağa və Saatlı məscidləri. Onların da təmiri ilə bağlı göstəriş verilib. Yuxarı Gövhərağa məscidi artıq təmirdən çıxıb. Nəzərə alsaq ki, Şuşa memarlığının öz xüsusiyyətləri vardır və Şuşada vaxtilə inşa edilmiş məscidlər bir üslubda tikilmişdir. Ona görə fikirləşirdim ki, yeni tikiləcək məscidin memarlığı necə olmalıdır. Demək olar ki, bir neçə ay bu haqda fikirləşirdim. Nəhayət bir fikir ağlıma gəldi ki, bu məscid, bunun memarlığı rəmzi xarakter daşımalıdır. Ona görə təklif etdim ki, məscidin forması 8 rəqəmini əks etdirməlidir. Çünki noyabrın 8-də biz Şuşanı işğalçılardan azad etdik və 8 noyabr Azərbaycanda artıq rəsmi olaraq Zəfər Günüdür. Məscidin iki minarəsi 11 rəqəmini əks etdirməlidir. Onbirinci ayda Şuşa və Qarabağ tam işğaldan azad edildi. Bu fikirlər əsasında memarlar işləməyə başlamışlar və burada göstərilən təqdimatda məscidin görkəmi öz əksini tapır. Bu, ilkin versiyadır, bunun üzərində hələ iş aparılacaq, müəyyən dəyişikliklər ola bilər. Əlbəttə ki, məscidin daxili dizaynı ilə bağlı təkliflər hələ tam hazır deyil. Ancaq konseptual olaraq məscidin memarlığı 8 noyabr gününü əks etdirəcək. Həm yuxarıdan baxanda 8 rəqəmini görmək mümkün olacaqdır, həm də aşağıdan baxanda. Məscidin yeri də təsadüfən seçilmədi. Bu, Şuşa şəhərinin yuxarı hissəsidir və burada ucaldılacaq məscid şəhərə bir dominant kimi hakim olacaqdır. Belə də olmalıdır. Çünki Şuşa bizim qədim şəhərimizdir, Azərbaycan şəhəridir, azərbaycanlılar tərəfindən salınıb. Azərbaycanlılar həmişə burada yaşayıb. Sadəcə olaraq, işğal dövründə Azərbaycan əhalisi zorla buradan çıxarılmışdı. Biz Şuşaya qayıtmışıq, əbədi qayıtmışıq! Şəhərə hakim olan bina məscid binası olmalıdır və bu bina şəhərin yuxarı hissəsində yerləşməlidir. Məscidin təməlqoyma günü də təsadüfən seçilmədi. Sabah bütün müsəlman aləmi müqəddəs Ramazan bayramını qeyd edəcək. Fürsətdən istifadə edərək, bütün Azərbaycan xalqını bu mübarək Ramazan bayramı münasibətilə təbrik etmək istəyirəm. Məhz bayram ərəfəsində qədim Şuşa şəhərində yeni məscidin təməlqoyma mərasiminin keçirilməsi böyük tarixi və rəmzi xarakter daşıyır. Bundan sonra artıq memarlar məscidin bütün layihəsi ilə ciddi məşğul olacaqlar və inşaat işləri başlanacaq.

Xan qızı Natəvanın evi də bərpa ediləcək

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada Xüsusi nümayəndəliyin yerləşəcəyi inzibati binada olublar.

Xan qızı Natəvanın sarayının qarşısındakı əraziyə də baxış keçirilib. Şuşa şəhərində Xan qızı Natəvanın evi də işğal dövründə dağıdılıb. Azərbaycanda yaradılan ilk uşaq musiqi məktəbi olan Şuşa Musiqi Məktəbi Xan qızı Natəvanın evində fəaliyyətə başlamışdı. XVIII əsrə aid tarix-memarlıq abidəsi erməni vəhşiliyinin, vandalizminin qurbanı olub. Artıq işğal zamanı binaya dəyən ziyanın qiymətləndirilməsinə başlanılıb. Bu prosesdən sonra burada bərpa işlərinə start veriləcək.

Natəvan bulağından yenə su gəlir

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada “Xan qızı” bulağında olublar. Dövlət başçısı və ailə üzvləri bulağın suyundan içiblər.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: “Natəvan bulağından yenə su gəlir. Natəvan bulağını bərpa etmişik. Keçən dəfə yanvar ayında Şuşada olarkən demişdim ki, Natəvan bulağını bərpa edəcəyik. Yenə də bulaq Şuşa sakinlərinin, qonaqların sərəncamına veriləcəkdir. Mənfur düşmən bu bulağı qurutmuşdu, bütün bulaqları qurutmuşdu. Bu da onu göstərir ki, Şuşa həmişə ermənilər üçün yad şəhər olub. İndi isə Şuşa dirçəlir və Şuşanın rəmzlərindən biri olan “Xan qızı” bulağı bərpa edilib. Bu gün bu bulaqdan su içmişəm”.

Şuşada bir sıra sərgilər keçiriləcək

Prezident İlham Əliyev və ailə üzvləri Şuşa Yaradıcılıq Mərkəzinin yerləşəcəyi bina ilə tanış olublar. Həmçinin Şuşa Rəsm Qalereyasında görülən işləri izləyiblər. Qeyd olunub ki, qalereyada qaytarılmış Qarabağ xalçalarının sərgisi, “Qarabağ işğaldan əvvəl və sonra”, “Azərbaycan rəssamlarının motivlərində Qarabağ” adlı sərgilərin keçirilməsi nəzərdə tutulur.

Yeni məktəbin təməli qoyulub

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Şuşada 1 saylı ümumtəhsil məktəbinin təməli qoyulub.

1830-cu ildə Azərbaycanda və Cənubi Qafqazda ilk dünyəvi məktəbin bünövrəsi məhz burada qoyulub. 1980-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bu məktəbin 150 illik yubileyi qeyd olunub. İşğala qədər 1 saylı məktəb kimi fəaliyyət göstərən bu təhsil ocağını da erməni vandalları tamamilə dağıdıblar. Yeni 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 3 milyon manat vəsait ayrılıb.

Prezident və ailə üzvləri Yuxarı Gövhərağa məscidində

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada Yuxarı Gövhərağa məscidində olublar. Dövlət başçısına məsciddə görülən işlərlə bağlı məlumat verilib.