Gəncədə də Müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönmü qeyd edilib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk və hüquq mühafizə orqanlarının rəhbərləri Ulu öndərin şəhərin baş meydanındakı abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər. Dahi şəxsiyyətin anadan olmasının 98-ci ildönmü münasibəti ilə Gəncədə ağacəkmə aksiyası da keçirilib. Aksiyada Heydər Əliyevin əbədiyaşar xatirəsinə ehtiram əlaməti olaraq simvolik məna daşıyan 998 ağac əkilib. Əkilən ağaclar Gəncənin landşaftına uyğun, şəhərə yaraşıq verən, havanın oksigen ilə zənginləşməsində xüsusi rolu olan xan çinar, sərv, şam ağacları olub. Ulu öndərin adını daşıyan parkda reallaşan yaşıllaşdırma tədbirinin iştirakçıları ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparıb, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qulluq göstəriblər.
- Baxış: 458