• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 759
— 29.04.2021 12:28

Şəmkirin sabiq icra başçısının həbsinin səbəbləri

KepezTV Player

Şəmkirin sabiq icra başçısının həbs səbəbləri məlum olub. Dövlət Təhlükəsizliyi Xidməti Alimpaşa Məmmədovun həbsi ilə bağlı məlumat yayıb.

Şəmkir Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri tərəfindən külli miqdarda dövlət əmlakının ələ keçirilməsi, vətəndaşların hüquqlarına zərər vurulması ilə bağlı qanunsuz əməllərə yol verilməsinə dair məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirib. Araşdırmalarla Alimpaşa Məmmədovun icra başçısı kimi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Şəmkir rayonu Çinarlı bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 2 milyon 844 min manatlıq əmlakı olan “Çinarlı Qəsəbə” MMC-nin bütün paylarını oğlu Adil Adilzadə və tabeçiliyində fəaliyyət göstərən digər şəxslərə məxsus “Şəmkir Səbət Ticarət Mərkəzi” MMC-yə cəmi 40 manata satılmasını, Şəmkir şəhər Bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 967 min manatlıq qida məhsulları istehsal zavodu olan “Abad Şəmkir” MMC-nin bütün paylarını oğlu Adil Adilzadəyə cəmi 180 manata satılmasını təmin etdiyinə əsaslı şübhələr müəyyən edilib. Bundan başqa, Alimpaşa Məmmədovun Şəmkir rayonu ərazisində abadlıq işlərinin görülməsi ilə bağlı “Ağstafasutikinti” MMC-nin hesabına köçürülmüş 218 min manatı nağdlaşdıraraq təkrar mənimsəmə yolu ilə ələ keçirməsinə, Şəmkir rayonu ərazisində dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına tikinti və abadlıq işləri, əsaslı və cari təmir, habelə yolların təmiri ilə bağlı işləri yerinə yetirən ayrı-ayrı şəxslərdən ümumilikdə 382 min manat, rayon ərazisində sahibkarlıq və yaşayış təyinatlı tikinti işlərinin aparılması ilə bağlı ayrı-ayrı vətəndaşlardan ümumilikdə 217 min manatı tabeçiliyində olan şəxslər vasitəsi ilə rüşvət qismində almasına əsaslı şübhələr müəyyən olunub. Alimpaşa Məmmədovun həmçinin rayon icra hakimiyyəti başçısının ərazi icra nümayəndələri və digər yerli dövlət təsisatlarının vəzifəli şəxslərindən müxtəlif adlarla 3-10 min manat məbləğində pul tələb edərək almasına dair araşdırma aparılır. Eləcə də, onun mənimsəmə və rüşvət alma yolu ilə pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədi ilə 832 min manat vəsaitin oğlu Adil Adilzadənin adına təsis etdiyi “Az Forel” MMC-nin Şəmkir rayonunda yerləşən balıqyetişdirmə və emalı müəssisəsinin tikintisinə və digər xərclərinə yönəltməklə cinayət yolu ilə əldə etdiyi külli miqdarda pul vəsaitlərini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib. Alimpaşa Məmmədovun xidməti və yaşayış yerlərinə baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb. Şəmkirin sabiq icra başçısı Cinayət Məcəlləsinin mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə, təkrar, külli miqdarda rüşvət alma maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.